Koreya Respublikasının Kvancu şəhərində tələbələrin 28-ci Dünya Yay Universiadası keçirilir. "Sabahı işıqlandır” devizi altında keçirilən budəfəki universiadada 146 ölkədən 13 mindən çox idmançı qalib adı uğrunda mübarizə aparır. 12 gün ərzində davam edəcək yarışda tələbə-idmançılar 21 idman növündə 272 dəst medal uğrunda mübarizə aparırlar.
Azərbaycan atletləri bu mötəbər idman bayramında cüdo, atletika və qılıncoynatma növləri üzrə yarışlarda təmsil olunurlar.
İyulun 6-da universiada çərçivəsində cüdo yarışları start götürüb.
Azərbaycanı yarışda üç cüdoçumuz - Davud Məmmədov (60 kq), Hüseyn Rəhimli (73 kq) və Abdulhaqq Rəsullu (81 kq) təmsil edib. Cüdoçularımızdan Hüseyn Rəhimli 73 kq çəki dərəcəsində Tələbələrin 28-ci Yay Universiadasında bürünc medal qazanıb.
Mübarizəyə 1/16 finaldan başlayan idmançımız ilk görüşdə yaponiyalı Yuji Yamamotoya məğlub olub. Rəqibinin yarımfinala çıxması cüdoçumuza bürünc medal uğrunda mübarizəni davam etdirmək imkanı yaradıb. Bu imkandan uğurla istifadə edən "Neftçi İdman Klubu” İctimai Birliyinin təmsilçisi Hüseyn Rəhimli təsəlliverici görüşlərdə Eduard Nikolaeskuya (Rumıniya), Vaçlav Sedmidubskiyə (Çex Respublikası), İqor Pereyraya (Braziliya) və Kamoliddin Rasulova (Özbəkistan) qalib gələrək bürünc medal uğrunda həlledici görüşə vəsiqə qazanıb. İdmançımız bu mərhələdə rusiyalı Zelimxan Ozdoev ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə cüdoçumuz ipponla təmiz qələbə qazanaraq universiadanın bürünc medalına layiq görülüb.
Bu, Azərbaycan idmançılarının Koreya Respublikasının Kvancu şəhərində keçirilən universiadada qazandıqları ilk medaldır.
Məlumat üçün qeyd edək ki, yarışın növbəti günlərində Kazan Universiadasının qalibi Hayle İbrahimov (qaçış, 5000 m) və Hanna Skidan (çəkic atma) atletika yarışlarında ölkəmizi təmsil edəcəklər. Bundan başqa,
I Avropa Oyunlarının mükafatçıları - Sevil və Sevinc Bünyadova bacıları və Səbinə Mikina da qılıncoynatma yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, tələbə-idmançılarımız 2013-cü ildə Kazan şəhərində keçirilmiş 27-ci Dünya Yay Universiadasında 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanmışdılar. Atletlərimiz bu nəticə ilə ümumi hesabda 15-ci yeri tutmuşdular.
Tələbələrin 28-ci Dünya Yay Universiadasına iyulun 14-də yekun vurulacaq.