Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalına yekun vurulub. Festivalda Azərbaycan, Türkiyə, Avstraliya, Ermənistan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstandan ümumilikdə 14 qrossmeyster daxil olmaqla 282 zəka sahibi iştirak edib. Yarış A, B qruplarında və 8-10-12 yaşınadək uşaqlar arasında keçirilib. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda ölkəmzi 60 şahmatçı təmsil edib. A qrupunda iştirak edən təmsilçilərimizdən Vüqar Rəsulov sonuncu turda ermənistanlı Hovik Hayrapetyanla heç-heçə edərək aktivindəki xalların sayını 6-ya çatdırıb. Vüqar bu nəticə ilə 2-8-ci yerələri bölüşdürüb. O, əlavə göstəricilərə görə 5-ci yerin sahibi olub. Turnirin qalibi adını isə 9 oyundan 6,5 xal toplayan Ukrayna şahmatçısı Aleksandr Bortnik qazanıb.
B qrupunda mübarizə aparan təmsilçilərimizdən Zaur Bayramov 9 oyundan 7 xal toplayaraq turnirin bürünc mükafatçısı olub. Bu qrupda mübarizə aparan digər həmyerlimiz Andrey Mustafin isə 7 xal toplasa da, əlavə göstəricilərə görə turnir cədvəlini 5-ci pillədə başa vurub. Fərid Aslanov, Tofiq Feyzullayev və Mustafa Məmmədov 6 xal toplayaraq 15-18-ci yerləri bölüşdürüblər. 12 yaşınadək oğlanlar arasında Şahin Hacıyev aktivinə 5,5 xal yazaraq 8-ci pillənin sahibi olub. Bu yaş qrupunda mübarizə aparan Elşad Quluzadə isə 5 xalla 10-15-ci yerləri bölüşdüüb. Təmsilçimiz əlavə göstəricilərə görə 11-ci yerə sahib çıxıb.
Eyni yaşadək qızların yarışında İsmayıl Mələk 9 oyundan 7 xal toplayaraq gümüş medala layiq görülüb.
10 yaşınadək oğlanlar arasında həmyerlilərimizdən Emil Qocayev 6,5 xal toplayaraq 1-6-cı yerləri bölüşdürüb. Murad Musayev isə liderlərdən yarım xal az toplayaraq 5,5 xalla 7-ci olub. İbrahim Ələsgərli və Mirzəağa Məmmədzadə hərəyə 5,5 xal toplayaraq ilk onluqda qərarlaşıblar.
Raul Muxtarov 8 yaşınadək oğlanların yarışında 7 xal toplayaraq 1-4-cü yerləri bölüşdürürb. Əlavə göstəricilərə görə Raul Muxtarov bürünc medala layiq görülüb.
8 yaşınadək qızların mübarizəsində təmsilçilərimizdən Xumar Məhərəmmova 5 xalla 6-cı,Nuray Feyzullayeva 4,5 xalla 10-cu, Suada Abbaszadə isə 4 xalla 11-ci yeri tutub.