Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahını Azərbaycan idmançıları üçün uğurlu hesab etmək olar. Millimizin liderlərindən olan Orxan Səfərov (60 kq) birinciliyi ələ alıb. I Avropa Oyunlarının gümüş mükafatçısı ən yaxın izləyicisi Boldbaatar Qanbatı (Monqolustan) 39 xal qabaqlayır. Millimizin digər üzvü Rüstəm Orucov ötən siyahıda olduğu kimi bu dəfə də reytinq cədvəlinə başçılıq edir. Aktivində 2036 reytinq xalı olan cüdoçumuz 73 kq çəki dərəcəsində əsas rəqibi israilli Saqi Mukini 324 xal geridə qoymağı bacarıb.
Lakin onlardan fərqli olaraq Elmar Qasımov (100 kq) mövqeyini əldən verib. Bakı-2015-də millimizin bayraqdarı olan cüdoçumuz birinci pilləni ikinci ilə dəyişib.
Komandamızın digər üzvlərinə gəlincə, Nicat Şıxəlizadə (66 kq) 1 rəqibini arxada qoyaraq, 8-ci yerə yüksəlib.
Komandamızın digər üzvləri Tərlan Kərimov (66 kq), Ramin Qurbanov (90 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokauri (+100 kq) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 37-ci, 45-ci, 13-cü və 38-ci pillədə qərarlaşıblar.
Cüdoçularımızdan İlqar Müşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) isə geriləyənlər sırasındadırlar. İki pillə geriləyən İlqar Müşkiyev 19-cu Kifayət Qasımova isə 45-cidir.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq xalına əsasən verilir.