Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Avqust üçün müəyyənləşən "Top-100”də 3 Azərbaycan şahmatçısı yer alıb. Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdu. Ötən ayla müqayisədə 1 pillə geriləyən qrossmeysterimiz ilk "20-liyi” qapayır. Onun aktivində yenə 2738 xalı var. Teymur Rəcəbovdan fərqli olaraq Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Aktivində 2735 reytinq xalı olan şahmatçımız 22-ci pillədə yer alır.
FİDE avqust ayından etibarən əslən latviyalı olan Arkadi Naydiçə yığmamızda iştirakına rəsmi icazə verib. Bunadək Almaniyanı təmsil 30 yaşlı qrossmeyster beynəlxalq qurumun yeni açıqladığı reytinq siyahısında da məhz Azərbaycan millisinin üzvü kimi təqdim olunub. Aktivində 2685 xalı olan Latviya əsilli şahmatçı 56-cı pillədə qərarlaşıb. Məlumat üçün bildirək ki, bu, qrossmeysterin son bir neçə ildə ən aşağı reytinqidir. Buna baxmayaraq, o, Azərbaycanın on aparıcı oyunçu ilə orta reytinq üzrə dünyanın on ən yaxşı ölkəsi sırasına daxil olmasına kömək edib. 29 yaşlı Arkadi Naydiç bundan sonra Almaniyanı deyil, Azərbaycanı təmsil edəcək. O, Riqada dünyaya gəlib, 11 yaşında ailəsi ilə Almaniyanın Dortmund şəhərinə köçüb. Arkadi Naydiç 2005-ci ildən Almaniyanın vətəndaşıdır. O, bir çox komanda yarışlarında bu ölkənin millisinə uğur gətirib. Bundan başqa Naydiç 2011-cü ildə Almaniya millisinin Avropa çempionatındakı qalibiyyətində əsas rol oynayıb.
Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2853 xala malikdi. İkinci yeri Vişvanatan Anand (2816, Hindistan), üçüncü pilləni isə Veselin Topalov (Bolqarıstan, 2816) tutur.
Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.