Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçirilir. 59 ölkədən ümumilikdə 478 (271 oğlan, 207 qız) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Komandamız yarışda 9 (8 oğlan, 1 qız) idmançı ilə təmsil olunur.
Yarışın ilk günündə 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Tatami üzərinə çıxan Azərbaycanın 5 cüdoçusundan yalnız biri mükafatçılar sırasında yer ala bilib. Çəkisi 55 kq olan idmançıların yarışında mübarizə aparan Tofiq Məmmədov dünya çempionatının gümüş medalına layiq görülüb. Mübarizəyə 1/16 finaldan başlayan təmsilçimiz ardıcıl olaraq Kameron, Özbəkistan, Portuqaliya və Braziliya cüdoçularını məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə cüdoçumuzun rəqibi bolqarıstanlı Denislav İvanov olub. Güclü rəqibi ilə görüşdə məğlub olan Tofiq Məmmədov gümüş medala sahib çıxıb.
50 kq çəki dərəcəsində kişilərin yarışında mübarizə aparan Rakşan Baxşəliyev 1/16 finalda braziliyalı Joao Paulo Korreyaya uduzub. Eyni çəki dərəcəsində çıxış edən Rövşən Əliyev isə özbəkistanlı Manuçer Şirinovla bacarmayıb.
55 kq çəki dərəcəsində də iki təmsilçimiz qüvvəsini sınayıb. Mübarizəyə 1/16 finaldan başlayan Avropa Gənclər Olimpiya Festivalının gümüş mükafatçıs Kəramət Hüseynov braziliyalı Bruno Vatanabe ilə qarşılaşmada məğlub olub.
Qızların yarışında 40 kq və 44 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Yarışın ilk günündə tatami üzərinə çıxan yeganə təmsilçimiz Şəhanə Hacıyeva ən aşağı çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız mübarizəyə 1/4 finaldan başlayıb. Türkmənistanlı Gülbahor Madreyimovanı mübarizədən kənarlaşdıran cüdoçumuz yarımfinalda rusiyalı Olqa Borisoava məğlub olub. Bürünc uğrunda qarşılaşmada tunisli Oumaima Bediouiyə də uduzan xanım cüdoçumuz yarışı beşinci pillədə başa vurub.
Dünya çempionatına bu gün yekun vurulacaq.