Sentyabrın 10-da Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda püşkatmanın nəticələri məlum olub. Turnirdə 128 şahmatçı qələbə uğrunda mübarizə aparacaq.
Azərbaycanı Dünya kubokunda 6 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Püşkatmaya görə, ilk raundda T.Rəcəbov Argentina təmsilçisi Federiko Perez Ponsa, Ş.Məmmədyarov hindistanlı Babu Lalit, R.Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayerlə, Q.Hüseynov bolqarıstanlı İvan Çeparinovla, V.Durarbəyli Latviya şahmatçısı İqor Kovalenko və nəhayət, E.Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.
Qaydalara əsasən, qalib iki klassik oyunun nəticəsinə görə müəyyən olunur və növbəti raunda vəsiqə qazanır. Əgər hər iki görüşün nəticəsində qalib bilinməsə, güclü zəka sahibi növbəti gün "tay-brek"də müəyyən olunur.