Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən 22-ci beynəlxalq şahmat festivalına yekun vurulub. Festivalda ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, ABŞ, ingiltərə, Polşa, Hindistan, Latviya, Macarıstan, Gürcüstan, Türkiyə, İran, Estoniya, Özbəkistan, Misir, Qətər, Almaniya və digər ölkələrdən ümumilikdə 450-dək şahmatçı iştirak edib. Azərbaycanlı zəka sahiblərinin də mübarizə apardığı yarış "Ustalar”, "açıq turnir” və "gənclər” turnirlərindən ibarət olub.
Azərbaycanı müxtəlif qruplarda Vüqar Əsədli, Nərmin Xələfova təmsil edib. Ustalar turnirində 62-si qrossmeyster olmaqla 130 zəka sahibi qalib adı uğurunda yarışıb. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda ölkəmizi müxtəlif qruplarda 13 şahmatçı təmsil edib.
Festivalın Ustalar turnirində iştirak edən təmsilçilərimiz Nail Bəşirli, Nərmin Xələfova və Kənan Heydərli hərəyə 4 xal toplayıblar.
Açıq turnirdə 8-ci turun oyunları yekunlaşıb. Həmyerlilərimizdən Turan Əsgərova 7 xal toplayaraq İran təmsilçisi Ebrahim Qadiri ilə 1-2-ci yerləri bölüşdürür. Nərmin Söyünlü isə aktivinə 6,5 xal yazdıraraq 3-7-ci yerləri bölüşdürüb əlavə göstəricilə görə 7-ci pillədə qərarlaşıb. Vüqar Manafov, İsmayıl İsmayılzadə və Səid Rəfili hərəyə 6 xal toplayaraq 11-13-cü yerləri bölüşdürürlər.
Festival çərçivəsində keçirilən gənclər turniri isə başa çatıb. 7 turdan ibarət yarışda həmyerlilərimiz Səid Rəfili və Vüqar Manafov hərəyə 6,5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Səid Rəfili turnirin qalibi adını qazanıb. Adnan Əliyev, Fərid Mustafayev, Rəfail Manafov və Mətin Mürsəlli qalibdən 1 xal az toplayaraq 5,5 xalla ilk onluqda qərarlaşıblar.