Beş şahmatçımız reytinq cədvəlində

Beş şahmatçımız reytinq cədvəlində


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Sentyabr üçün tərtib olunan "Top-100”də 5 Azərbaycan şahmatçısı yer alıb.
Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdur. Qrossmeysterimiz ötən ay olduğu kimi, bu dəfə də ilk "20-liyi” tamamlayır. Onun aktivində 2738 xalı var. Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da mövqeyini heç kimə güzəştə getməyib. Aktivində 2736 reytinq xalı olan şahmatçımız yenə 22-cidir. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan fərqli olaraq, avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç 1 pillə geriləyib. Aktivində 2684 xalı olan Latviya əsilli şahmatçı 57-ci yerə enib.Sevindiricidir ki, müəyyən fasilədən sonra Eltac Səfərli və Rauf Məmmədov da yenidən "Top-100”ə qayıdıblar. Millidə də özlərini sübut edən zəka sahibləri müvafiq olaraq, 92-ci (2657) və 94-cü (2657) pilləyə yüksəliblər. Reytinq siyahısına yenə də Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçının aktivində 2853 xal var. İkinci yeri Vişvanatan Anand (2816, Hindistan), üçüncü pilləni isə Veselin Topalov (Bolqarıstan, 2816) tutur.
Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.