Respublika Şahmat Mərkəzində keçirilən "Baku Open 2015” beynəlxalq şahmat festivalında C turniri (12 yaşınadək uşaqlar arasında) başa çatıb. Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş turnir 2003-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilib. Turnirdə Bakı, Gəncə, Sumqayıt, Ağdam, Quba, Şabran, Ucar, Zəngilan, Lənkəran, Şəmkir şəhər və rayonları ilə yanaşı, Özbəkistan Respublikasını təmsil edən şahmatçılar da yarışıblar. 90 (69 oğlan, 21 qız) zəka sahibinin mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.
Yarışları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edib.
Gərgin mübarizə şəraitində keçən yarışda ən yaxşı nəticəni Altay Eynullayev göstərib. O, 9 oyundan 8 xal toplayaraq turnirin qalibi adını qazanıb. Biləsuvar şahmatçısı Xəzər Babazadə qalibdən yarım xal az toplayaraq gümüş medala layiq görülüb. Turnirin bürünc mükafatçısı isə Nihad Əsgərov (Bakı)olub.
Altay Eynullayev 12 yaşınadək oğlanlar arasında da birinci yeri tutub. Bakı şahmatçısı Nihad Əsgərov ikinci yerə çıxıb. Üçüncü yerə 6,5 xalla Altay Eynullayevin qardaşı Atilla Eynullayev (Bakı) layiq görülüb. 12 yaşınadək qızlar arasında yarışda isə birinci yeri 6,5 xalla Səbinə Rzalı (Sumqayıt) tutub. Leyla Kim (Özbəkistan) 6 xalla ikinci, Aydan Hüseynova (Bakı) 5 xal toplayaraq üçüncü olub, 10 yaşınadək oğlanlar arasında I yeri 7,5 xalla Xəzər Babazadə (Biləsuvar), II yeri 7 xalla Sənan Əliyev (Bakı), III yeri isə 6 xalla Fərid Əliyev (Bakı) tutub. Eyni yaşlı qızlar arasında bütün rəqiblərini qabaqlayan Sara Həmidova (Bakı) 5 xalla yarışların qalibi olub. Liderlə eyni xala malik olan Bakı təmsilçiləri Mehin Taba-Tabai və Nərmin Nəsibova şəxsi əmsallara görə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. 8 yaşınadək oğlanlar arasında Ayxan Cabbarlı (Ucar) bütün rəqiblərini qabaqlayıb. Aydın Əkbərov (Lənkəran) ikinci, Şamil Məmmədov (Sumqayıt) isə üçüncü yerə sahib çıxıb. Həmin yaşdan olan qzların yarışında Bakı təmsilçisi Xumar Məhərrəmova 4 xalla birinci yerə layiq görülüb. İkinci yerə 4 xalla Nurtac Heydərlı (Bakı), üçüncü yerə isə ondan yarım xal az toplayan Aydan Şükürova (Bakı) çıxıb. Yarışın təntənəli bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı, paytaxtın şahmat idman növü üzrə əlaqələndirici-kuratoru Salman Əbdülov, Azərbaycan Şahmat Federasiyasının baş məşqçisi Fikrət Sideifzadə, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev iştirak ediblər. Bağlanış mərasimində çıxış edən Salman Əbdülov turnirin yekunu ilə bağlı geniş məlumat verdikdən sonra qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan şahmatçısı Əli Süleymanov (Bakı) və qız şahmatçısı Leyla Rzalı (Sumqayıt) müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunublar.
Məlumat üçün qeyd edək ki, "Baku Open-2015”in "A” və "B” qruplarında əsas turnirlər sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək.