Cüdo üzrə millinin yeni baş məşqçisi təqdim olunub

Cüdo üzrə millinin yeni baş məşqçisi təqdim olunub



Sentyabrın 25-də cüdo üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi avstriyalı Peter Zayzenbaher ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı avstriyalı mütəxəssislə imzalanacaq müqavilənin uzunmüddətli olacağını bildirib. Qeyd edib ki, federasiyanın əsas məqsədi ölkəmizdə cüdonun daha da inkişaf etdirilməsi, eyni zamanda, kişilərdən ibarət yığmamızda yeddi cüdoçunun Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmasıdır. Hazırkı reytinq cədvəlinə əsasən dörd idmançının Oyunlarda iştirakı gözlənilir. Qalan üç cüdoçu da lazımi lisenziya xalı toplayıb "Rio-2016”ya qatılmağa çalışacaq.
Peter Zayzenbaher deyib: "Milliyə Azərbaycan Cüdo Federasiyası tərəfindən dəvət olunmuşam. Burada çalışacağım üçün çox məmnunam. Artıq komandanın bəzi üzvləri ilə görüşmüşəm. Mütəxəssislərlə birgə Olimpiya Oyunlarına yaxşı hazırlaşmaq üçün proqram tərtib edəcəyəm. Əsas odur ki, idmançılar onların qayğılarına qaldığımızı hiss etsinlər. Bütün məşqçilər gücünü eyni istiqamətə yönəltsə, komanda bir istiqamətdə işləsə, biz nəticəyə nail olacağıq”.
Federasiyanın vitse-prezidenti Elnur Məmmədli də deyib ki, bir ailə kimi işləyib uğur qazanmalıyıq.