Sonuncu təmsilçimiz də Dünya kubokunda mübarizəni dayandırdı

Sonuncu təmsilçimiz də Dünya kubokunda mübarizəni dayandırdı


"Fairmont” hotelində təşkil olunmuş şahmat üzrə Dünya kuboku yarışları davam edir. Nokaut sistemi üzrə keçirilən yarışda yarımfinal görüşləri başlayıb. Yarışın qaydalarına əsasən, iştirakçılar bir-biri ilə (birinci 40 gediş üçün 90 dəqiqə, sonra oyunun sonuna qədər 30 dəqiqə, üstəgəl oyunun əvvəlindən hər gediş üçün 30 saniyə) iki partiya oynayıblar.
Sentyabrın 23-25-də 1/4 final mərhələsinin görüşləri keçirilib. Yarışa 6 şahmatçı ilə başlayan Azərbaycanı bu mərhələdə yeganə qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edib. Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov isə üçüncü mərhələdə mübarizəni dayandırıblar.
1/4 finalda Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarovla yanaşı, Rusiya nümayəndələri Sergey Karyakin və Pyotr Svidler, çinli Vey Yi, hollandiyalı Aniş Qiri, fransız Maksim Vaşye-Laqrav, amerikalı Hikaru Nakamura və ukraynalı Pavel Elyanov mübarizə aparıblar. Azərbaycanın 1/4 finala çıxmış yeganə nümayəndəsi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı qrossmeyster Sergey Karyakin olub. Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili də Dünya kubokunun 1/4 final mərhələsinə baxmağa gəliblər. Elman Rüstəmov şahmatçımız Şəhriyar Məmmədyarovla görüşərək, ona uğurlar arzulayıb.
Ağ fiqurlarla oynayan şahmatçımız 1/4 finalın birinci oyununu heç-heçə baqa vurub. Tərəflərin cavab görüşü də heç-heçə qurtarıb. Belə olan halda qalibin adına növbəti gün keçirilən tay-brek görüşlərində aydınlıq gəlib. Yarımfinala vəsiqə qazanmaq üçün keçirilən əlavə oyunların ilk iki görüşündə Sergey Karyakinlə heç-heçə edən həmyerlimiz bu dəfə onunla sürətli şahmatda üz-üzə gəlib. Lakin 25 dəqiqə + 10 saniyə sistemi üzrə keçirilən 2 matçda da qalib müəyyənləşməyib. Qrossmeysterlər növbəti mərhələdə daha sürətli (10+10) şahmatda münasibətlərinə aydınlıq gətiriblər. Bu dəfə isə həmyerlimiz rəqibinə həm ağ, həm də qara fiqurlarla məğlub olub. Beləliklə, ümumi nəticədə 4:2 hesabı ilə məğlub olan qrossmeysterimiz Dünya kubokunda mübarizəni dayandırıb. Qarşılaşma 4:2 hesabı ilə rusiyalı şahmatçının xeyrinə başa çatıb.

1/4 final mərhələsinin digər oyunlarında Pyotr Svidler - Vey Yi, Aniş Qiri - Maksim Vaşye-Laqrav, Hikaru Nakamura - Pavel Elyanov cütlükləri qarşılaşıblar.
Ukraynalı Pavel Elyanov ilk əsas partiyada 1,5:0,5 hesabı ilə amerikalı Hikaru Nakamuraya qalib gəlib. Hollandiyalı Aniş Qiri də eyni hesabla fransız Maksim Vaşye-Laqravı məğlub edib. Hər iki şahmatçı yarımfinala çıxıb. Rusiyalı qrossmeyster Pyotr Svidler və çinli Vey Yi arasında qarşılaşma isə heç-heçə (1:1) başa çatdığından qalib tay-brek görüşlərində müəyyənləşib. Tay-brekdə çinli şahmatçıya 3,5:2,5 hesabı ilə qalib gələn Pyotr Svidler yarımfinala vəsiqə qazanıb.
Bir günlük istirahətdən sonra sentyabrın 27-də Dünya kubokunda yarımfinal görüşlərinin ilk oyunlarına start verilib. 4 ən güclü qrossmeysterin mübarizə apardığı bu mərhələdə Pyotr Svidler - Aniş Qiri, Pavel Elyanov isə Sergey Karyakinlə üz-üzə gəlib. İlk klassik partiyada Pyotr Svidler rəqibinə qalib gəlib. Digər yarımfinalçılar Pavel Elyanov və Sergey Karyakinin mübarizəsində isə qalib müəyyənləşməyib. Bu qrossmeysterlər arasında keçiriləcək cavab görüşlərindən sonra Dünya kubokunun finalçıları məlum olacaq.
Məlumat üçün qeyd edək ki, 45 ölkədən 128 qrossmeysterin iştirak etdiyi turnirin ümumi mükafat fondu 1,6 milyon ABŞ dollarıdır. Bu məbləğdən 96 min dollar qalibə, 64 min dollar digər finalçıya çatacaq. Yarımfinalçıların hər biri 40 min dollar, 1/4 finala keçmiş hər iştirakçı isə 28 min dollar qazanacaq. Qalib və kubokun finalçısı 2016-cı ildə iddiaçılar turnirində iştirak etmək hüququ əldə edəcəklər.

Dünya kuboku

1/4 final mərhələsi, ilk oyun
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

1/4 final mərhələsi, ikinci oyun
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

1/4 final mərhələsi, tay-brek
oyunları
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2:0