Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku finalının üçüncü partiyasında qələbə qazanıb. Onun rəqibi həmyerlisi Pyotr Svidlerdir.
Şənbə günü keçirilən partiya qara fiqurlarla oynayan Sergey Karyakinin 30-cu gedişdə qələbəsi ilə başa çatıb. İyirmi beş yaşlı Sergey Karyakin Dünya Kubokunun final mərhələsində hesab arasındakı fərqi azaldıb -1:2.
Final mərhələsinin dördüncü partiyası bazar günü - oktyabrın 4-də olacaq. Ağ fiqurlarla Sergey Karyakin oynayacaq. Pyotr Svidler dördüncü turda qalib gələcəyi halda, onun adı tarixə Dünya Kubokunun ilk ikiqat sahibi kimi düşəcək. Peterburqlu şahmatçı artıq 2011-ci ildə Dünya Kubokunun qalibi olub.
Sergey Karyakin qələbə qazanacağı halda isə rəqiblər tay-breyk oynamalı olacaqlar. Onlar 25+10 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər hesab yenidən heç-heçə olarsa, 10+10 vaxt nəzarəti rejimində iki partiya, daha sonra 5+3 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər bütün mini-matçlar qalibi müəyyən edə bilməsə, bu halda 61-ci gedişdən başlayaraq həlledici partiyada ağlar 5, qaralar 4 dəqiqə əldə edir, hər gedişə 3 saniyə əlavə olunur, bu zaman heç-heçə qaraların xeyrinə sayılır.