Səkkizinci Dünya kubokunun yeni sahibi Sergey Karyakin oldu

Səkkizinci Dünya kubokunun yeni sahibi Sergey Karyakin oldu




Oktyabrın 5-də "Four Seasons” hotelində şahmat üzrə Dünya kubokunun bağlanış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, vitse-prezidentlər - Mahir Məmmədov və Faiq Həsənov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Faiq Həsənov yarışın nəticələri barəsində məlumat verərək, turnirdə dünyanın ən reytinqli şahmatçılarının iştirak etdiyini qeyd edib.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin daha bir nüfuzlu yarışa uğurla ev sahibliyi etdiyini və şahmatçıların biri-birindən gözəl oyun nümayiş etdirdiklərini diqqətə çatdırıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun digərlərindən fərqləndiyini və uzun müddət şahmatçıların yaddaşında qalacağını vurğulayıb. O, milyonlarla şahmatsevərin Dünya kuboku yarışlarını birbaşa izlədiyini və ölkəmizdə bu idman növünə marağın daha da artdığını deyib.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov çıxış edərək Azərbaycanın şahmat ölkəsi olduğunu və bu ölkədə istənilən beynəlxalq idman yarışlarının keçirilməsi üçün yüksək şəraitin olduğunu qeyd edib.
Çıxışlar başa çatdıqdan sonra yarışın finalçıları mükafatlandırılıblar. Bu yarışda bütün rəqiblərini məğlub Sergey Karyakinə Dünya Kuboku təqdim olunub.
Qeyd edək ki, "Fairmont” hoteldə keçirilən həlledici qarşılaşmada rusiyalı qrossmeysterlər Pyotr Svidler və Sergey Karyakin qarşılaşdılar. Digər mərhələlərdən fərqli olaraq final görüşündə tərəflər arasında iki deyil, dörd klassik partiya oynanıldı. Sankt-Peterburqdan olan şahmatçı Pyotr Svidler reqlamentdə nəzərdə tutulan dörd partiyanın birincisində ağ fiqurlarla oynadı. O, gərgin keçən birinci partiyada həmvətəni Sergey Karyakini 29-cu gedişdən sonra təslim olmağa məcbur etdi. P.Svidler maraqlı debüt seçimiylə Karyakini çaşdırdı. Beləliklə, ilk partiyanın taleyini Svidlerin debütü həll etdi desək yanılmarıq. Saat yarımlıq oyundan sonra Svidler 16.d4 gedişiylə hamını təəccübləndirdi. Artıq çoxları şahmatçıların fiqurları dəyişəcəyini, sonra isə heç-heçəyə razılaşacaqlarını gözləsə də, hər şey tam fərqli oldu. İstənilən halda maraqlı mübarizənin finalında Rusiya şahmatı qələbə qazanacaqdı. Fiqurları dəyişməyə tələsməyən Svidler piyadanı itirmədi, üstəlik mərkəzdə irəliləməyə başladı. Karyakinin Rb8 gedişi onun məğlubiyyətini tezləşdirdi. Svidler üstünlüyü sona qədər davam etdirərək rəqibin şahını mat vəziyyətinə saldı. Bu məğlubiyyətdən sonra Karyakin səhərisi gün belə özünə gələ bilmədi. İkinci görüşdə o, ağ fiqurlarla oynadı. Sözsüz, Sergey əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışdı, amma yenə də bir sıra səhvlərə yol verdi. İlk görüşdə Svidler debütü sayəsində uğur qazanmışdısa, bu dəfə Karyakin özü rəqibin sevinməsinə kömək etdi. Ağ fiqurlar üstünlük qazansa da, bunu inkişaf etdirə bilmirdi. Nəticədə hətta kompyuter belə görüşün heç-heçə başa çatacağını proqnozlaşdırırdı. Ağ fiqurlar hücum etsə də, Svidlerin qara fiqurları ustalıqla müdafiə olunurdu. 38.Rd5 Nb6 gedişindən sonra Karyakin təslim olmağa məcbur oldu. Ağır fiqurlarını itirən Sergey oyun nizamını qoruya bilmədi. Düzünü desək, P.Svidler qələbə üçün heç nə etmədi, amma məğlubiyyətə də layiq deyildi. Pyotr, sadəcə, Karyakinin "hədiyyə”sindən istifadə etdi. Bu oyundan sonra o, ümumi nəticədə 2:0 hesabı ilə irəli keçdi. Heç kim ilk iki görüşdə Karyakinin acınacaqlı məğlubiyyətini gözləməsə də, o, rəqibindən iki zərbə aldı.
Final görüşlərinin üçüncü günü hər iki qrossmeyster üçün sonuncu ola bilərdi. Qeyd etdiyimiz kimi, finalın bundan əvvəlki partiyasında Pyotr Svidler həm ağ, həm də qara fiqurlarla qalib gəlmişdi. Ümidləri üzülən Sergey Karyakinə isə yalnız möcüzə kömək edə bilərdi. Oktyabrın 3-də keçirilən oyunda Svidler ən azı heç-heçə etməklə adını şahmat tarixinə Dünya kubokunun ilk ikiqat qalibi kimi yazdıracaqdı. Qeyd edək ki, sankt-peterburqlu şahmatçı 2011-ci ildə bu uğura nail olub. Lakin 39 yaşlı qrossmeyster bunu bacarmadı. Üçüncü partiya qara fiqurlarla oynayan Sergey Karyakinin 30-cu gedişdə qələbəsi ilə başa çatdı.

Final mərhələsinin dördüncü partiyası isə oktyabrın 4-də keçirildi. Bu dəfə Sergey Karyakin ağ fiqurlarla oynayırdı. 5 saat davam edən klassik partiyanın sonuncu oyunu 57-ci gedişdə Sergey Karyakinin qələbəsi ilə başa çatdı. Beləliklə, 25 yaşlı S.Karyakin möcüzəni reallaşdıraraq Dünya kubokunun final mərhələsində ümumi hesabı bərabərləşdirdi -2:2. Belə olan halda Dünya kubokunun sahibi oktyabrın 5-də keçirilən tay-brek oyunlarından sonra müəyyənləşdi.
Qrossmeysterlər tay-brekdə yarışın qaydalarına görə 25+10 dəq. vaxt nəzarəti rejimində iki partiya oynadılar. Ağ fiqurlarla oynayan S.Karyakin ilk partiyada 89-cu gedişdə rəqibinə qalib gəldi.
Cavab oyununda isə Pyotr Svidler 57-ci gedişdə qələbə qazanmaqla hesabı bərabərləşdirdi - 1:1. Növbəti iki görüşdən sonra qalib müəyyənləşmədiyinə görə tərəflər 10+10 dəq. vaxt nəzarəti rejimində daha iki partiya oynadılar. Qara fiqurlarla oynayan Pyotr Svidler 40-cı gedişdə rəqibini təslim olmağa məcbur etdi. Cavab oyununda isə Karyakin qələbə qazanıb. Bu dəfə də qalib müəyyənləşmədiyinə görə şahmatçılar daha 5+3 dəq. vaxt nəzarəti rejimində iki partiya oynadılar. Birinci partiyada rəqibinə qalib gələn Sergey Karyakin cavab görüşü ərəfəsində çox yaxşı üstünlük əldə etdi. Həlledici oyunda da qara fiqurlarla qələbə qazanan Karyakin Dünya kubokunun qalibi oldu.
Məlumat üçün qeyd edək ki, 45 ölkədən 128 qrossmeysterin iştirak etdiyi turnirin ümumi mükafat fondu 1,6 milyon ABŞ dollarıdır. Bu məbləğdən 96 min dollar yarışın qalibinə, 64 min dollar digər finalçıya çatıb. Yarımfinalçıların hər biri 40 min dollar, 1/4 finala keçmiş hər iştirakçı isə 28 min dollar qazanıb. Qalib və kubokun finalçısı 2016-cı ildə iddiaçılar turnirində iştirak etmək hüququ əldə ediblər.

Dünya kuboku

Final, birinci oyun
Pyotr Svidler (Rusiya) - Sergey Karyakin (Rusiya) - 1:0

Final, ikinci oyun
Sergey Karyakin (Rusiya) - Pyotr Svidler (Rusiya) - 0:1

Final, üçüncü oyun
Pyotr Svidler (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0:1

Final, dördüncü oyun
Sergey Karyakin (Rusiya) - Pyotr Svidler (Rusiya) - 1:0

Tay-brek
Sergey Karyakin (Rusiya) - Pyotr Svidler (Rusiya) - 6:4