Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Oktyabr üçün tərtib olunan yeni siyahını Azərbaycan yığmasının aparıcı üzvləri üçün uğurlu saymaq olar.
Belə ki, sentyabrda olduğu kimi, bu dəfə də idmançılarımızdan geriləyən olmayıb. Yeni cədvəldə yenə də 4 cüdoçumuz ilk onluqda qərarlaşıb. Onlardan Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) bütün rəqibləri qabaqlayıblar. Rüstəm Orucuovun 2023, Elmar Qasımovun isə 2330 reytinq xalı var. Yığmamızın digər üzvləri Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) hərəyə bir pillə irəliləyiblər. Aktivində 2034 reytinq xalı olan I Avropa Oyunlarının gümüş mükafatçısı O.Səfərov ikinci pilləyə yüksəlib. Nicat Şıxəlizadə isə 1278 xalla 8-ci pillədə yer alıb.
Ötən aydan Peter Zeyzenbaherin baş məşqçi təyin olunduğu yığmamızda İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Uşqanqi Kokauri (+100) və Kifayət Qasımova (57 kq) da yarışda iştirak etmədən irəliləyiblər. Onlar rəqiblərinin zəif çıxışı üzündən 1 pillə yüksələrək, müvafiq olaraq, 25-ci, 35-ci, 39-cu və 61-ci pillədədirlər. Yeganə dünya çempionumuz Elxan Məmmədov (100 kq) isə mövqeyini qoruyub. O, sentyabrda olduğu kimi, yenə 24-cü yerdə qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya Oyunlarına lisenziya reytinq xalına əsasən verilir.