“Baku Open 2015” turnirinə yekun vuruldu

“Baku Open 2015” turnirinə yekun vuruldu


Novxanı qəsəbəsində yerləşən "AF Hotel”də keçirilən ölkəmizin dövlət müstəqilliyinin bərpasının 24-cü ildönümünə həsr olunmuş ənənəvi "Baku Open-2015” beynəlxalq şahmat festivalına yekun vurulub. Yarışda Azərbaycanla yanaşı, 10 ölkədən 220-yə yaxın şahmatçı (22 beynəlxalq qrossmeyster, 17 beynəlxalq usta və 9 FİDE ustası) qalib adı uğrunda mübarizə aparır.
İsveçrə sistemi üzrə keçirilən 9 turdan ibarət yarışın "A” qrupunda iranlı qrossmeyster Ehsan Qaem Naqami birinci yerə layiq görülüb.
O, 9 mümkün xaldan 6,5 xal toplayaraq bu nəticəyə nail olub. Azərbaycan qrossmeysteri Nicat Abbasov və hindistanlı Başkaran Adxiban da eyni nəticə göstərib. Lakin şahmatçımız şəxsi əmsallara görə ikinci yeri tutub. Hindistanlı Başkaran Adxiban isə üçüncü olub.
Altı şahmatçının hər biri liderlərdən yarım xal geri qalıb. Azərbaycan nümayəndəsi Vüqar Rəsulov da daxil olmaqla daha dörd şahmatçı liderlərdən bir xal az toplayıb.
Yarışların "B” qrupunda isə ilk üç yeri Azərbaycan şahmatçıları tutublar. 9 turdan 7,5 xal toplayan Rəşad Zeynallı və Toğrul Həsənzadə, müvafiq olaraq, birinci, ikinci yerləri tutublar. Onlardan yarım xal az toplayan Şəhriyar Həsənov isə üçüncü yerə layiq görülüb.