Cüdo üzrə açıq birincilik başa çatıb

Cüdo üzrə açıq birincilik başa çatıb


AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən "Zirvə” Beynəlxalq İdman Klubunun cüdo üzrə açıq birinciliyinə yekun vurulub. 2003, 2004 və 2005-ci illər təvəllüdlü oğlanların yarışında 100-ə yaxın gənc idmançı qüvvəsini sınayıb. 10 çəki dərəcəsi üzrə keçirilən birincilikdə "Zirvə”nin Badamdar, Sumqayıt, Masazır, Xırdalan, Lənkəran və İsmayıllı filiallarının nümayəndələri iştirak ediblər. Yarışın açılış mərasimində çıxış edən "Zirvə” BİK-in direktor müavini Azad Mustafayev turnirin keçirilməsində məqsədin cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması olduğunu qeyd edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib. Turnirdə "Zirvə”nin Bakı idmançıları uğurla çıxış edərək, komanda hesabında qalib gəliblər. Yarışda Bakı idmançıları ilə yanaşı, Abşeron və Sumqayıt komandaları da fərqləniblər.
Belə ki, Murad Balacayev (27 kq, Sumqayıt-Zirvə), Eltac Yusifli (30 kq, "Təhsil” RİM), Səxavət Hacıyev (34 kq, UGİM-Sumqayıt), Sadiq Həsənli (38 kq, Bakı-Zirvə), Tamerlan Kərimov (42 kq, UGİM-Sumqayıt), Tağı Adilov (46 kq, Bakı-Zirvə), İsmayıl Nəcəfov (50 kq, Bakı-Zirvə), Hüseyn Baxışəliyev (55 kq, "Təhsil” RİM) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.