Oktyabrın 9-da Almaniyanın paytaxtı Berlin şəhərində rapid və blits üzrə dünya çempionatları start götürüb. Şahmat turnirlərində təqribən 200 şahmatçı, o cümlədən 161 qrossmeyster iştirak edir. Azərbaycan yarışda 7 şahmatçı ilə təmsil olunur. Planetimizin ən güclü şahmatçısı norveçli Maqnus Karlsen yarışlara dünya çempionu qismində qoşulub. Onunla dünyanın bir sıra aparıcı qrossmeysterləri, o cümlədən azərbaycanlı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Namiq Quliyev, Zaur Məmmədov mübarizə aparırlar. Rapid üzrə dünya çempionatı 15 turdan ibarət olacaq. Turnirin hər partiyasına 15 dəqiqə + hər gedişə 10 saniyə vaxt veriləcək. Blits turniri isə 3+2 vaxt nəzarəti ilə keçiriləcək və 21 turdan ibarət olacaq. Yarışların ümumi mükafat fondu 400 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, hazırda klassik şahmat, rapid və blits üzrə dünya çempionu norveçli Maqnus Karlsendir. O, Almaniyanın paytaxtında bu titullardan ikisini saxlamaq uğrunda mübarizə aparır.