Cüdoçumuz “Böyük dəbilqə” turnirini gümüş medalla başa vurdu

Cüdoçumuz “Böyük dəbilqə” turnirini gümüş medalla  başa vurdu


Oktyabrın 17-də və 18-də Fransanın paytaxtı Paris şəhərindəki dünya şöhrətli "Bersi” zalında cüdo üzrə "Böyük dəbilqə” seriyasından dünya turnirlərinin üçüncü mərhələsi keçirilib. Olimpiya reytinq yarışlarının Fransa mərhələsi bu mövsümdə üçüncü yarış idi. Bundan əvvəl Bakıda və Tümendə analoji turnirlər keçirilmişdi. Cari ilin sonuna qədər isə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində və Yaponiyanın paytaxtı Tokioda daha iki mərhələ keçirilməlidir. Bu yarışlarda qazanılan uğurlar idmançıların 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək üçün reytinq göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək. Qeyd edək ki, bu mərhələdə qızıl medala layiq görülən idmançı 500 xal, ikinci yerin sahibi 300 xal, bürünc mükafatçıların hərəsi 200 xal qazanıb. Beşinci yeri tutan idmançı isə 100 xal əldə edib.
84 ölkədən 435 (252 kişi, 183 qadın) idmançının iştirak etdiyi "Böyük dəbilqə” turnirinin Paris mərhələsində Azərbaycan cüdoçuları da mübarizə aparıblar. Azərbaycan yığması turnirdə baş məşqçi Peter Zeyzenbaherin rəhbərliyi altında 11 cüdoçu ilə təmsil olunub. Kişilərin turnirində İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə və Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Abdulhaq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev və Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq), həmçinin Uşanqi Kokauri (+100 kq) qüvvəsini sınayıb. Qadınların yarışında isə Ayişə Qurbanlı (48 kq) tatami üzərinə çıxıb.
Yarışın birinci günündə Azərbaycanın beş cüdoçusu tatami üzərinə çıxsa da, onlardan yalnız ikisi yarımfinala vəsiqə qazana bilib. 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə ardıcıl olaraq, israilli Baruç Şmaylov, hollandiyalı Junior Degen və portuqaliyalı Sergiu Oleyniç üzərində qələbə qazanıb. Finala gedən yolda 27 yaşlı idmançının rəqibi monqolustanlı Tumurxuleq Davaadorj olub. Təəssüf ki, idmançımız bu görüşdə məğlub olub. O, bürünc medal uğrunda qarşılaşmada daha bir monqolustanlı cüdoçu Altansux Dovdonla üz-üzə gəlib. Bu qarşılaşmada da görüşün sonuna 35 saniyə qalmış rəqib ipponla qalib gəlib. Beləliklə, Nicat Şıxəlizadə 5-ci yerlə kifayətlənib.

73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov ukraynalı Sergey Drebot və türkiyəli Hasan Vanlıoğlunu ipponla, almaniyalı İqor Vandtkeni isə yuko xalı ilə məğlub etdikdən sonra yarımfinala çıxıb. Bu mərhələdə o, çinli Şuay Suna da ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi yaponiyalı Hiroyuki Akimoto olub. Cüdoçumuz bu görüşdə sona 25 saniyə qalmış yaponiyalı Hiroyika Akimotoya məğlub olaraq gümüş medalla kifayətlənib. Rüstəm Orucov qızıl medal qazanmasa da, Azərbaycan cüdoçularının Parisdəki "Böyük Dəbilqə” turnirlərində 8 illik medal həsrətinə son qoyub.
Xatırladaq ki, sonuncu dəfə Parisdə 2007-ci ildə Nicat Şıxəlizadə qızıl, Elnur Məmmədli isə gümüş medal qazanmışdı.
Bu yarışda isə tatamiyə çıxan digər cüdoçularımıza gəldikdə, İlqar Müşkiyev lüksemburqlu Tom Şmit və belçikalı Senne Vinsə qalib gəlsə də, 1/8 finalda braziliyalı Erik Takabatakeyə uduzaraq, mübarizəni dayandırıb. 66 kq çəkidə yer alan ikinci təmsilçimiz Tərlan Kərimov isə ilk görüşündə meksikalı Eduardo Araujonu üstələsə də, 1/8 finalda ukraynalı Georgi Zantarayaya uduzub və turnirlə vidalaşıb. Qadın cüdoçumuz Aişə Qurbanlı da elə ilk görüşdəcə türkiyəli Ebru Şahinə məğlub olaraq mübarizəni dayandırıb.
Yarışların ikinci günündə daha 6 idmançımız tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov "A” qrupunda lider olub. O, ardıcıl olaraq Manuel Bueno (Uruqvay), Benjamin Fletçer (Böyük Britaniya) və Kule Reyesə (Kanada) qalib gələrək yarımfinala yüksəlib. Lakin bu mərhələdə idmançımız brazaliyalı Rafael Buzakariniyə uduzub. Üçüncü yer uğrunda görüşdə, millimizin üzvü hollandiyalı Mixael Korrelə məğlub olub və beşinci yerlə kifayətlənib. Bu çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Elxan Məmmədov öz qrupunda latviyalı Yevgenijs Borodavkoya və rumıniyalı Valentin Raduya qalib gəlsə də, növbəti görüşdə Lukas Krapalekə məğlub olub.
Dünya çempionumuz Elmar Qasımov bürünc medal uğrunda təssəlliverici görüşdə Mixael Korrelə uduzaraq 7-ci olub.
Rio-2016-ya lisenziya xalları verən yarışda Abdulhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) isə yarışla çox erkən vidalaşıblar. Beləliklə, komandamız Peter Zayzenbaherin ikinci gəlişindən sonra ilk sınağını bir gümüş medalla tamamlayıb. Yığmamız bu nəticə ilə komanda hesabında 84 ölkə arasında 13-cü olub. Məlumat üçün qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "Böyük Dəbilqə” turnirini yarışın keçirildiyi arenadan birbaşa izləyib. O, 73 kq çəki dərəcəsində fəxri kürsüyə qalxan cüdoçuların mükafatlandırma mərasimində də iştirak edib. ACF prezidenti Azərbaycan cüdoçusu Rüstəm Orucova gümüş medalı təqdim edib.
Qeyd edək ki, Rövnəq Abdullayev yarış zamanı Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə də görüşüb.
Görüşdə yeni vəzifəyə təyin olunması münasibətilə Rövnəq Abdullayevi təbrik edən Marius Vizer Azərbaycanda idmana göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. İJF rəhbəri eyni zamanda bu il ölkəmizdə təşkil edilən I Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini də vurğulayıb.