Klublarımız Avropa kuboku yarışlarına uğurla başlayıblar

Klublarımız Avropa kuboku yarışlarına uğurla başlayıblar


Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa kuboku uğrunda mötəbər yarışa start verilib. 50 komandanın iştirak etdiyi yarışlarda Azərbaycan iki klubla təmsil olunur. Bunlar Avropa kubokunun son qalibi "SOCAR-Azerbaijan” və "Odlar Yurdu” klublarıdır.
İlk turda yarışın favoritlərindən sayılan "SOCAR-Azerbaijan” Finlandiyanın "Tammer-Şakki” kollektivini üstələyib - 5,5:0,5. Komandamızın heyətində Veselin Topalov, Aniş Qiri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Təmsilçimiz Rauf Məmmədov isə heç-heçə oynayıb.
Digər klubumuz "Odlar Yurdu” İngiltərənin "Uayt Roz” komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbə ilə başa vurublar. Vüqar Rəsulov və Nicat Məmmədov isə məğlub olub.
Məlumat üçün qeyd edək ki, turnirin reytinq-favoriti Azərbaycanın "SOCAR” (2771) klubudur. Azərbaycanın ikinci təmsilçisi "Odlar yurdu” isə 2590 reytinq göstəricisi ilə 9-cudur. Qadınların turnirində 12 klub iştirak edir. Ölkəmiz bu yarışlarda təmsil olunmur.
İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilən yarışa oktyabrın 24-də yekun vurulacaq.