Makedoniyanın Skopye şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa kuboku davam edir. Kubok uğurunda yarışda 22 ölkədən ümumilikdə 62 klub (50 kişilərdən ibarət klub və 12 qadınlardan ibarət klub) mübarizə aparır. Azərbaycanı yarışda iki klub - "SOCAR-Azerbaijan” və "Odlar Yurdu” təmsil edir. Xəbər verdiyimiz kimi, birinci turda hər iki komandamız qələbə qazanmışdı. Yarışın favoritlərindən sayılan "SOCAR-Azerbaijan” Finlandiyanın "Tammer-Şakki” kollektivini, digər klubumuz "Odlar Yurdu” isə İngiltərənin "Uayt Roz” komandasından üstün olmuşdu.
Yarışın II turunda Azərbaycan klubları Almaniya və İsveçrə təmsilçiləri ilə qarşılaşıblar. İlk qarşılaşmasında qələbə qazanan "SOCAR-Azerbaijan” bu dəfə də 2 xalı qazanmaqda çətinlik çəkməyib. Almaniyanın "Verder” klubu ilə ilə üz-üzə gələn təmsilçimiz rəqibini 5:1 hesabı ilə məğlub edib. Komandamızın heyətində Fabiano Karuana, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmədov və Eltac Səfərli qələbə qazanıb. Təkcə Aniş Qiri rəqibi ilə bacarmayıb.
Yarışa uğurla başlayan digər klubumuz "Odlar Yurdu” da inamlı çıxışını davam etdirib. İsveçrənin "Jeneva” klubu ilə qarşılaşan təmsilçimiz 6:0 hesabı ilə qələbə qazanaraq liderliyə yüksəlib.
Yarışın III günündə klublarımız daha güclü rəqiblərlə yarışıblar. Belə ki, əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən "Odlar Yurdu” ikinci pillədə qərarlaşan ev sahiblərinin "Alkaloid” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz görüşdən məğlub ayrılıb - 2,5:3,5.
Hər 2 görüşünü qələbə ilə başa vuran "SOCAR-Azerbaijan” isə seriyasını Rusiyanın "Universitet-Beloreçensk” klubu qarşısında da davam etdirib - 4,5:1,5
Avropa kubokunun IV günündə Azərbaycan klubları İtaliya və Avstriya təmsilçiləri ilə görüşüblər.
İlk üç görüşdən qələbə qazanan "SOCAR-Azerbaijan” "Obiettivo Risarcimento Padova” (İtaliya) ilə qarşılaşıb. Təmsilçimiz bu görüşdə də qalib gəlib. Komandamızın heyətində Veselin Topalov və Şəhriyar Məmmədyarov qələbə qazanıb. Digər komanda üzvlərimiz isə heç-heçəyə razılaşıblar.
İki qələbə qazanıb, yalnız 3-cü turda məğlub olan "Odlar Yurdu” isə "MPA-Maria Saal” (Avstriya”) klubundan üstün olub. Vasif Durarbəyli, Nicat Abbasov, Nicat Məmmədov və Zaur Məmmədovun qalib gəldiyi oyunda Ülvi Bacarani heç-heçəyə razılaşıb. Emil Sutovski isə yeganə məğlub olan şahmatçımız olub.
Qeyd edək ki, turnirə oktyabrın 24-də yekun vurulacaq.
Şahmat üzrə klublar
arasında Avropa kuboku
II tur
"Verder” (Almaniya) - SOCAR (Azərbaycan) - 1:5
"Odlar Yurdu” (Azərbaycan) - "Jeneva” (İsveçrə) - 6:0
III tur
SOCAR (Azərbaycan) - "Universitet-Beloreçensk” (Rusiya) - 4,5:1,5
"Odlar Yurdu” (Azərbaycan) - "Alkaloid” (Makedoniya) - 2,5:3,5
IV tur
SOCAR - "Obiettivo Risarcimento Padova” (İtaliya) - 4:2
"MPA-Maria Saal” (Avstriya”) - "Odlar Yurdu” - 1,5:4,5