“SOCAR-Azerbaijan” Avropa kubokunun gümüş mükafatçısıdır

“SOCAR-Azerbaijan” Avropa kubokunun gümüş mükafatçısıdır


Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən şahmat üzrə klublararası 31-ci Avropa kuboku yarışlarına yekun vurulub.
Yarışda 22 ölkədən ümumilikdə 62 (kişilərdən ibarət 50 və qadınlardan ibarət 12) klub mübarizə aparıb. Azərbaycanı yarışda iki klub - "SOCAR-Azerbaijan” və "Odlar Yurdu” təmsil ediblər. Qəzetimizin ötən sayında ilk 4 tur haqqında məlumat vermişdik.
Beşinci turda klublarımız Rusiya və Norveç komandaları ilə qarşılaşıblar. "SOCAR-Azerbaijan” komandası qələbə seriyasını davam etdirə bilməyib. Ardıcıl dörd dəfə qələbə qazanan təmsilçimiz Rusiyanın "Sibir” kollektivi ilə görüşdən 2,5:3,5 hesablı məğlubiyyətlə ayrılıb.
Digər komandamız "Odlar Yurdu” isə turnirdə növbəti qələbəsini qazanıb. Komandamız Norveçin "Valerenqa” kollektivini 3,5:2,5 hesabı ilə üstələyib. Beş heç-heçədən sonra komandaya qələbəni Qadir Hüseynov qazandırıb.
6-cı turda komandalarımızdan biri qalib gəlib halda, digəri isə məğlub olub. Turnirin favoritlərindən olan "SOCAR-Azerbaijan” klubu növbəti qələbəsini qazanıb. Təmsilçimiz Çexiyanın "Novı Bar” kollektivini 3,5:2,5 hesabı ilə üstələyib. Komandamızın heyətində Veselin Topalovla və Teymur Rəcəbov rəqiblərini məğlub ediblər. Onlar, müvafiq olaraq, Radoslav Voytaşek və Krişan Sasikirana qalib gəliblər. Aniş Qiri, Fabiano Karuana, Maykl Adams isə heç-heçə oynayıb. Komandamızın üzvlərindən təkcə Rauf Məmmədov rəqibi ilə bacarmayıb. Amma bu məğlubiyyət "SOCAR-Azerbaijan” klubuna qələbə qazanmağa mane olmayıb. Digər komandamız "Odlar Yurdu” isə Rusiyanın "Mednıy vsadnik” klubuna 1,5:4:5 hesabı ilə məğlub olub. Təmsilçilərimizdən Emil Sutovski, Vasif Durarbəyli, Ülvü Bacarani uduzublar. Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov isə partiyanı heç-heçə başa vurublar.
Sonuncu turda "SOCAR-Azerbaijan” klubu Rusiyanın "Mednıy vsadnik” kollektivi ilə heç-heçə oynayıb - 3:3.
Digər təmsilçimiz "Odlar Yurdu” isə Rusiyanın "Naşe naslediye” klubuna uduzub - 2.5:3.5.
Beləliklə, 7 turda sonra 13 xal toplayan "Sibir” klubu ilk dəfə Avropa kubokunun qalibi olub. Turnirin ötənilki qalibi "SOCAR-Azerbaijan” isə 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb. Rusiyanın digər təmsilçisi "Mednıy vsadnik” komandası isə üçüncü olub. Gənc şahmatçılardan ibarət "Odlar Yurdu” yarışı 13-cü pillədə başa vurub. "SOCAR-Azerbaijan”ın şahmatçısı Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb.
Məlumat üçün qeyd edək ki, "SOCAR-Azerbaijan” iki dəfə - 2012 və 2014-cü illərdə Avropa kubokunun qalibi olub.