Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatına yekun vurulub. 82 ölkədən 555 idmançının (336 oğlan, 219 qız) mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda məşqçilər Fərhad Məmmədov və Elçin İsmayılovun rəhbərliyi altında 12 (10 oğlan, 2 qız) idmançı ilə təmsil olunub. Yarışın ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hidayət Heydərov dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. Fələstin, Kosta-Rika, Avstriya və Hollandiya idmançılarını məğlub edən cüdoçumuz yarımfinalda Yaponiya təmsilçisi Masaya Asariyə uduzub. Üçüncü yer uğrunda görüşdə kolumbiyalı Xuan Telyoya qalib gələn idmançımız dünya çempionatının bürünc medalına sahib çıxıb. Yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın digər üzvü Hüseyn Rəhimli dünya çempionatının ilk görüşünü Böyük Britaniya cüdoçusu Erik Hamaya qarşı keçirib. Bu görüşdə qələbə qazanan H.Rəhimli sonra avstraliyalı Sem Kinq, sloveniyalı Yan Kozak və qazaxıstanlı Didar Həmzəni də məğlub edərək yarımfinala çıxıb. Təəssüf ki, bu mərhələdə cüdoçumuz Gürcüstan nümayəndəsi Tamazi Kirakozaşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Linkoln Neveslə qarşılaşan Hüseyn Rəhimli rəqibinə uduzaraq beşinci yeri tutub. Qızların yarışında isə Azərbaycan idmançısı Səkinə Zayırova (52 kq) ilk görüşdə mərakeşli İkram Soukateyə məğlub olaraq mübarizəni dayandırıb.Yarışın üçüncü günündə daha üç cüdoçumuz qüvvəsini sınayıb.Təmsilçilərimizdən yalnız Firudin Dadaşov (90 kq) mükafatçılar sırasına düşməyi bacarıb. Birinci görüşündə Yeni Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən F.Dadaşov daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşdə mübarizə aparıb. Bu mərhələdə Polşa nümayəndəsi Rafal Kozlovskini ippon fəndi ilə məğlub edən idmançımız üçüncü yer uğrunda görüşdə rusiyalı Mixail İqolnikova qalib gəlib. Beləliklə, Firudin Dadaşov dünya çempionatının bürünc medalını qazanıb. Bu çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Vasif Şərbətli ilk görüşdə Xorvatiya təmsilçisi Marko Kumriki üstələsə də, növbəti mərhələdə belaruslu Daniel Muketeyə uduzaraq mübarizəni dayandırıb. 81 kq çəki dərəcəsində yarışan Rüfət İsmayılov əvvəlcə lüksenburqlu Bilge Bayananı, daha sonra avstraliyalı Antoni Kourosa qalib gəlib. Təəssüf ki, cüdoçumuz növbəti mərhələdə ukraynalı Viktor Makukaya məğlub olaraq dünya çempionatındakı çıxışını başa vurub. Qeyd edək ki, yarışın birinci günündə 5 cüdoçumuz tatami üzərinə çıxıb. Lakin cüdoçularımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib. Təmsilçilərimizdən ən yaxşı nəticəni Natiq Qurbanlı (55 kq) göstərib. O, Monqolustan və Bolqarıstan cüdoçularına qalib gəlsə də, növbəti mərhələdə Qazaxıstan idmançısına məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan cüdoçumuz italiyalı Andrea Karlinoya qalib gəlib. Həlledici görüşdə idmançımızın qarşısını monqolustanlı Amartuvşin Bayar kəsib. Beləliklə, cüdoçumuz dünya çempionatını beşinci pillədə başa vurub. Bu çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Sadiq Məhərrəmov ilk görüşdə İran idmançısına məğlub olub. 60 kq çəkili idmançıların yarışında ən yaxşı nəticəni Davud Məmmədov göstərib. İlk görüşdə Yaponiya idmançısını üstələyən D.Məmmədov növbəti mərhələdə hollandiyalı cüdoçunu mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə monqolustanlı cüdoçuya məğlub olan təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb. Lakin bu görüşdə də şimali koreyalı idmançıya uduzan Davud Məmmədov 7-ci yeri tutub. Bu çəki dərəcəsində qüvvəsini sınayan digər idmançımız Elbrus Zamanov ilk görüşdə Böyük Britaniya təmsilçisinə məğlub olaraq mübarizəni dayandırıb. Qadınların yarışında tatamiyə çıxan Leyla Əliyeva (48 kq) da çempionatı mükafatsız başa vurub. O, birinci görüşdə moldovalı cüdoçuya məğlub olub.
Beləliklə, dünya çempionatında 2 bürünc medal qazanan cüdoçularımız komanda hesabında 16-cı yeri tutublar.
Qeyd edək ki, gənclərin dünya çempionatında "Neftçi İdman Klubu”nun üzvü, ikiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyev paralimpiya cüdosunun təqdimatı ilə əlaqədar Beynəlxalq Cüdo Federasiyası tərəfindən Abu-Dabiyə dəvət olunub. İ.Zəkiyev digər təmsilçimiz, paralimpiyaçı cüdoçulardan ibarət milli komandanın üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar edib.
Yarışın keçirildiyi idman sarayında respublikamızın fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi iştirakçıların diqqətinə çatdırılıb.
Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.