Yunanıstanın Halkidiki şəhərində keçirilən 18 yaşınadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı davam edir. Yarış 8, 10, 12, 14, 16 və 18 yaşınadək qızlar və oğlanlar arasında keçirilir. Turnirdə 92 ölkədən 1596 zəka sahibi mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən 11 turdan ibarət çempionatda Azərbaycan şahmatçıları da yarışırlar. Ölkəmizi turnirdə 15 (9 oğlan, 6 qız) zəka sahibi təmsil edir. 3 turdan sonra 8 yaşınadək qızların çempionatında mübarizə aparan təmsilçimiz Səmra Qasımova 2,5 xal toplayaraq 7-11-ci yerləri bölüşdürür. Eyni yaşlı oğlanların yarışında Read Səmədov 2,5 xalla 13-cü pillədə qərarlaşıb. Həmyerlimiz Xəzər Babazadə 3 turdan 3 xal toplayaraq 10 yaşınadək oğlanların çempionatında liderlər sırasındadır. Eyni yaşlı qızların çempionatında Ayan Allahverdiyeva aktivinə 2,5 xal yazaraq 12-ci yerdədir. 12 yaşınadək oğlanlar arasında iki həmyerlimiz - Əhməd Əhmədzadə və Məhəmməd Muradlı hərəyə 3 xal toplayaraq liderdirlər. Gövhər Beydullayeva isə 12 yaşınadək qızlar arasında 2,5 xal toplayaraq 15-ci yeri tutur. 18 yaşlı qızların çempionatında mübarizə aparan Aytən Əmrayeva isə 2 xalla 17-ci pillədə qərarlaşıb.