Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub.
88 ölkədən 481 (292 kişi, 189 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız yarışda baş məşqçi Peter Zeyzenbaherin rəhbərliyi altında 11 (9 kişi, 2 qadın) cüdoçu ilə mübarizə aparıb. Yarışın birinci günü tatamiyə 5 cüdoçumuz çıxıb.
60 kq çəki dərəcəsində çıxış edən yığmamızın aparıcı cüdoçularından İlqar Müşkiyev mübarizəyə 1/32 final mərhələsindən başlayıb. "Böyük dəbilqə”nin üçqat bürünc medalçısı ilk görüşündə hollandiyalı Jeron Murenlə qarşılaşıb. Görüş təmsilçimizin asan qələbəsi ilə başa çatıb. Həmyerlimiz 107 saniyəyə rəqibini ippona salıb. İlqar Müşkiyev növbəti mərhələdə Eysa Majraşi (Səudiyyə Ərəbistanı) sınağa çəkib. Bu rəqib də cüdoçumuz üçün keçilməz olmayıb. O, 1/8 finalda monqolustanlı Tsoqbatar Tsendoçirlə qarşılaşıb. Təəssüf ki, təmsilçimiz qələbə seriyasını davam etdirə bilməyib və görüşün başa çatmasına 50 saniyə qalmış ippona düşüb.
Bu çəkidə ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk görüşünü qələbə ilə başa vurub. O, Yan Sikkardini (Monqolustan) məğlub etsə də, 1/16 finalda Vinsent Limareyə (Fransa) uduzub.
"Böyük dəbilqə”nin ikiqat qalibi Nicat Şıxəlizadə (66 kq) ilk görüşündə məğlub olub. Təcrübəli cüdoçumuz Rusiyanı təmsil edən erməni əsilli Olimpiya çempionu Arsen Qalstyana ipponla məğlub olub.
Qadınların mübarizəsində isə iki təmsilçimiz - Leyla Əliyeva (48 kq) və Səkinə Zayirova (52 kq) tatami üzərinə çıxıblar. Lakin hər iki cüdoçumuz ilk görüşdə məğlub olaraq turnirlə erkən vidalaşıb.
Yarışın ikinci günündə daha 2 cüdoçumuz qüvvəsini sınayıb. Lakin onlar da ilk gündə uğursuzluğa düçar olan yaşayan 5 idmançımızın taleyini yaşayıblar. 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov yarışda 2 görüş keçirib. Özbəkistanlı Şarafoddin Baltaboyevi mübarizədən kənarlaşdıran təmsilçimiz ardınca belçikalı Dirk van Tikeltlə üz-üzə gəlib. Lakin bu mərhələdə R.Orucov rəqibi ilə bacarmayıb. Beləliklə, bir neçə gün bundan əvvəl Fransada keçirilən "Böyük dəbilqə” turnirində gümüş medal qazanan Rüstəm Orucov Abu-Dabidə medalsız qalıb.
81 kq çəki dərəcəsində iştirak edən Abdulhaq Rəsullu ilk qarşılaşmada uruqvaylı Alen Aprahamyanı məğlub edib. İdmançımız növbəti mərhələdə rusiyalı Sirajudin Maqomedova uduzaraq mübarizəni dayandırıb.
Turnirin sonuncu günündə 4 təmsilçimiz qüvvəsini sınayıb. Onlardan ən yaxşı nəticəni Elxan Məmmədov (100 kq) göstərib. O, digər cüdoçularımızdan fərqli olaraq 7-ci yerlə kifayətlənib. İlk mərhələdə ukraynalı Artem Bloşenkonu mübarizədən kənarlaşdıran dünya çempionumuz növbəti mərhələdə böyük britaniyalı Benjamin Fletçeri üstələyib. Lakin cüdoçumuz uğurlu çıxışını davam etdirə bilməyib. O, növbəti görüşdə iranlı Cavad Mahcouba məğlub olub. Təsəlliverici görüşə çıxan Elxan Məmmədov bu dəfə belçikalı Toma Nikiforova uduzaraq 7-ci yeri tutub.
Elxanla eyni çəkidə yarışan Elmar Qasımov isə turnirdəki iştirakını daha erkən başa vurub. O, italiyalı Domeniko Di Quidaya məğlub olaraq turnirlə vidalaşıb.
90 kq çəki dərəcəsində yarışan Ramin Qurbanov da eyni aqibətlə üzləşib. İlk görüşdə hindistanlı Avtar Sinqhə məğlub olan R. Qurbanov turnirdə iştirakını dayandırıb.
Ən ağır çəkili idmançıların yarışında qüvvəsini sınayan Uşangi Kokauri (+100 kq) isə ilk görüşdə polşalı Maciej Sarnaçkiyə uduzub. Beləliklə, təmsilçilərimizdən heç biri Abu-Dabidə mükafatçılar sırasına düşə bilməyib.
Məlumat üçün qeyd edək ki, "Böyük dəbilqə” turnirində ilk 7 yeri tutan idmançılar, müvafiq olaraq, 500, 300, 200, 100, 80 xal qazanıblar.