Yunanıstanın Halkidiki şəhərində keçirilən 8 yaşından 18 yaşınadək oğlanlar və qızlar arasında şahmat üzrə dünya birinciliyi davam edir. Yarışlarda 92 ölkədən 1596 zəka sahibi mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən 11 turdan ibarət çempionatda Azərbaycan şahmatçıları da yarışırlar. Ölkəmizi yarışda 15 (9 oğlan, 6 qız) zəka sahibi təmsil edir. Beş turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni ustalığa namizəd Məhəmməd Muradlı göstərib. O, 12 yaşınadək şahmatçılar arasında 4,5 xal toplayıb. Şahmatçımız bu nəticə ilə üçüncü pillədə yer alıb.
8 yaşınadək qızların çempionatında mübarizə aparan təmsilçimiz Səmra Qasımova hindistanlı Sri Savithaya məğlub olaraq 3,5 xalla 10-cu yerdə qərarlaşıb. Eyni yaşlı oğlanların yarışında Read Səmədov Polşa şahmatçısı Bartosz Fiszerlə heç-heçə edib. Beş turdan sonra o, 4 xalla 7-ci pillədə yer alıb. Gövhər Beydullayeva isə 12 yaşınadək qızlar arasında 4 xalla 5-14-cü yerləri bölüşdürür. Təmsilçimiz əlavə göstəricilərə görə 7-ci yerdədir.
On altı yaşlı qızların çempionatında mübarizə aparan Xanım Balacayeva 4-15-ci yerləri bölüşdürür. Aytən Əmrayeva isə 3 xalla 17-cidir.