Şəhriyar Məmmədyarov Veyk-an-Zee turnirinə dəvət alıb

Şəhriyar Məmmədyarov Veyk-an-Zee turnirinə dəvət alıb


Gələn il yanvarın 15-31-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Sayca 78-ci dəfə təşkil olunacaq turnirin 14 iştirakçısından 12-nin adı müəyyənləşib. Yeni ilin ilk nüfuzlu yarışına həmyerlimiz Şəhriyar Məmmədyarov da dəvət alıb. 8 illik fasilədən sonra Veyk-an-Zee turnirində mübarizə aparacaq qrossmeysterimizlə yanaşı, digər 11-liyin də adı dəqiqləşib. Bunlar Bakıda keçirilən 2015-ci il Dünya kubokunun sahibi Sergey Karyakin (Rusiya), dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Din Liren, Vey Yi, Yifan Hou (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Hollandiya), Maykl Adams (İngiltərə) və David Navaradır (Çexiya).
Digər 2 şahmatçının adı isə yaxın günlərdə müəyyənləşəcək.
Yarışın qaydalarına görə, iştirakçıları iki səyyar tur gözləyir: birinci tur Amsterdamda NEMO elmi muzeyində, ikincisi isə Utrext Dəmiryolu Muzeyində keçiriləcək.