Cüdonun incəliklərini öyrədən idman ocağı - “Cüdo klub 2012”

Cüdonun incəliklərini öyrədən idman ocağı - “Cüdo klub 2012”


Respublikamızda idmanın inkişafına yüksək diqqət və qayğı göstərilir. Ölkəmizdə genişləndirilən idman infrastrukturuna şəxsi təşəbbüslərlə yaradılan mərkəzlər də öz töhfəsini verir. Bu cür mərkəzlər müxtəlif idman növləri üzrə fəaliyyət göstərir. Hazırda cüdo idman növü ölkədə çox populyardır. Bu növ üzrə məşqlər paytaxtımızın, demək olar ki, bütün idman klublarında keçirilir. Cüdonun daha kütləviləşməsinə nail olmaq üçün idman mərkəzlərinin sayı artırılmaqdadır. Məhz bu məqsədlə 3 il əvvəl yaradılmış "Cudo klub 2012” yaşından asılı olmayaraq, bir çox idmançının fiziki sağlamlıq məkanına çevrilib. Klub ümumilikdə 500-600 idmançı üçün nəzərdə tutulub. Hazırda "Cudo klub 2012”də müxtəlif yaşda təxminən 450 idmançı məşq edir. Onlar bu növün sirlərini 10 məşqçidən öyrənirlər. Məşqlər gün ərzində 5-6 qrupda müxtəlif saatlarda keçirilir.
Ustalararası ikiqat dünya çempionu, veteranlar arasında dünya və Avropa çempionu olan Azər Əsgərov tərəfindən 2012-ci ildə yaradılan cüdo klubunun əsas məqsədi ölkədə bu idman növünün inkişafı və populyarlaşdırılmasıdır.

Cəmi üç il bundan əvvəl yaranmasına baxmayaraq klubun təmsilçiləri həm ölkədaxili, həm də beynəlxaq yarışlarda fərqlənməyi bacarıblar. Belə ki, bu idman ocağının yetirmələri 21 yaşınadək gənclər arasında Azərbaycan birinciliyində yüksək pillələrdə yer alıblar. Ötən ilin fevralın 18-20-də keçirilən yarışda Sadıq Məhərrəmov birinci, Afiq Səfərli və Osman Kərimli ikinci, Samir Muradov isə üçüncü yeri tutub. Klubun yetirmələri ölkədaxili yarışlarla yanaşı, beynəlxalq arenalarda da fərqləniblər. Belə ki, ötən il martın 15-16-da Portuqaliyada Avropa kuboku keçirilib. Azərbaycanı bu yarışda təmsil edən "Cudo klub 2012”nin yetirmələri 3 medal qazanıblar. Klubun təmsilçilərindən Sadıq Məhərrəmov bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Bu idman ocağının digər üzvlərindən Afiq Səfərli və Elbrus Zamanov müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Yunanıstanda keçirilən cüdo üzrə Avropa kubokunda isə yalnız Sadıq Məhərrəmov mükafatçılar sırasında yer alıb. O, 55 kq çəki dərəcəsində üçüncü yerə sahib çıxıb. Klubun yetirməsinin uğurları bununla bitməyib. İstedadlı cüdoçu aprelin 26-27-də İtaliyanın Liqnano şəhrində keçirilən Avropa kubokunda da bürünc medal qazanıb.
Sadıq Məhərrəmov may ayında Avstriyada təşkil olunan beynəlxalq turnirdə isə bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Onun komanda yoldaşı Afiq Səfərli isə bu turnirdə üçüncü yeri tutub. Ötən il keçirilən Bakı şəhər açıq çempionatında "Cudo klub 2012”nin üzvü Elvin Əhmədli birinci yerə layiq görülüb. Klubun digər üzvləri Elbrus Zamanov, Samir Ağayev və Fərid Allahverdiyev ikinci, Əlimurad Muradov isə üçüncü olub.
Azərbaycan çempionatında isə kulubun üzvlərindən 5-i mükafatçılar sırasına düşməyi bacarıb. Bakı çempionatında olduğu kimi, bu yarışda da Elvin Əhmədli bütün rəqiblərindən güclü olub. Afiq Səfərli ikinci, Ziya Namazov, Teymur Əhmədov və Rəşid Şəmizadə üçüncü yeri tutub.
Bu ilin fevral ayında keçirilən gənclər arasında cüdo üzrə respublika çempionatında da klubun üzvləri uğurla yarışıblar. Bu idman ocağının yetirmələrindən Sadıq Məhərrəmov, Elbrus Zamanov və Samir Ağayev qızıl medala sahib çıxıblar. Elçin Heybətov, Cavid Muradov və Xalid Mehdiyev üçüncü yerə layiq görülüb.
Buyaxınlarda Bakı İdman Sarayında keçirilən cüdo üzrə Bakı şəhər açıq çempionatında da "Cudo klub 2012”nin idmançıları mükafatçılar sırasında yer alıblar. Klubun üzvlərindən Elvin Əhmədli, Fərid Allahverdiyev, Murad Rəcəbli və Fuad Allahverdiyev qızıl medala layiq görülüblər. Bu idman ocağının digər yetirmələrindən Eşqin Məmmədov, Nahid Amanov və Ziya Namazov ikinci yeri tutublar. Etibar Teymurov və Səbuhi Axundov isə üçüncü yerlə kifayətləniblər. Bu nəticələrlə "Cudo klub 2012” komanda hesabında da birinci yerə sahib çıxıb.
Klubun direktoru Mübariz Cəfərov bizimlə söhbətində bu idman ocağının fəaliyyətindən və uğurlarından danışdı. Mübariz müəllim qeyd etdi ki, "Cudo klub 2012” yaranan gündən cüdo idman növünün təbliği və kütləviliyinin təmin edilməsi ilə məşğul olur. "Klubumuza uşaqların qəbulu 6 yaşından başlanır. Hazırda burada 500-ə yaxın idmançı cüdo ilə məşğul olur. Yetirmələrimiz respublika çempionatları ilə yanaşı, beynəlxalq arenalarda da qüvvələrini sınayırlar. Klubumuzun üzvləri arasında bir sıra nailiyyətli idmançılar var. Təmsilçilərimiz dəfələrlə gənclər arasında Azərbaycan çempionatının və Avropa kuboklarının qalibi olublar. Yığma komandanın üzvü, respublika çempionatının bürünc mükafatçısı Ziya Namazov (81 kq) və Rəşid Şəmizadə (66 kq) məhz bizim klubumuzun yetirmələridir. Burada veteran cüdoçulara da xüsusi diqqət göstərilir. Veteranlardan ibarət komandamız müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionatlarında iştirak edirlər. Sevindirici haldır ki, veteran cüdoçularımız beynəlxalq arenalarda uğurlu nəticələrlə yadda qalırlar. Vüqar Budaqov (73 kq), Fərhad Rəcəbli (90 kq), Rəsul Səlimov (90 kq), Zaur Paşayev (100 kq), Rəsul Sultanov (100 kq), Azər Əsgərov (100 kq) dəfələrlə Avropa, dünya çempionatlarının qalib və mükafatçıları olublar. Mən özüm də 81 kq çəki dərəcəsində Avropa çempionu (2006) və dünya çempionatının bürünc mükafatçısı (2009, 2014) olmuşam. Klubumuzda məşğul olan idmançıların əksəriyyəti yeniyetmələrdir. Biz idmançıların fiziki hazırlığı ilə yanaşı, taktiki, texniki hazırlıqlarına da xüsusi önəm veririk. Cüdo dedikdə təkcə fiziki hazırlıq deyil, həm də məntiqli düşünmək nəzərə alınır. Burada ilk növbədə dərrakə lazımdır ki, fikirləşəsən, rəqibin öz gücündən istifadə edərək ona fənd tətbiq edəsən. Bildiyiniz kimi, bu növdə qaydalar dəyişdirilib. Bu, idmançılarımız üçün müəyyən mənada çətinlik yaradır. Çünki Azərbaycan cüdoçuları "Qafqaz güləşi” üslubunda güləşirlər. Yəni bizdə fəndlərin əksəriyyəti ayaqdan tətbiq olunurdu və idmançılarımız bu üsulla uğur qazanırdılar. Hamıya məlumdur ki, bu idman növünü yaponlar yaradıblar. Onlar cüdonun gözəlliyini artırmaq və bu idman növünün tarixini qorumaq üçün ayaqdan tətbiq olunan fəndlərin ləğvinə nail oldular. Fikrimcə, ayaq fəndləri yığışdırıldıqdan sonra cüdonun gözəlliyi daha da artdı. İndi biz klubumuzda yeni qaydalara uğyun məşq keçirik. "Cudo klub 2012”də təcrübəli məşqçi-müəllimlər fəaliyyət göstərirlər. Onlar yetirmələrimizin müxtəlif yarışlarda uğurla çıxış etməsi üçün əllərindən gələni əsirgəmirlər”, - deyə klubun direktoru bildirdi.


Veteran idmançılar
da diqqətdən kənarda
qalmır
Klubda həmçinin veteran idmançılara da diqqət və qayğı göstərilir. Qeyd etdiyimiz kimi "Cudo klub 2012” klubunda təkcə yeniyetmə, gənc və böyüklərdən ibarət komandalar məşğul olmurlar. Burada həmçinin peşəkar idman karyerasını başa vuran cüdoçular da məşqlərini davam etdirirlər. Veteran idmançılar 2002-ci ildən dünya və Avropa çempionatlarında iştirak edirlər. Əvvəllər dünya və Avropa çempionatlarında ölkəmizin 2-3 veteran cüdoçusu mübarizə aparırdısa, bir müddətdən sonra bu idmançıların sayı daha da artdı. Beləliklə, veteran cüdoçular birləşərək klub yaratdılar.
Klubun veteran cüdoçuları bu il Macarıstanın Bolotonfured şəhərində keçirilmiş Avropa çempionatında iştirak ediblər. Rəqiblərindən üstün olan Azərbaycanın 4 veteran cüdoçusu Avropa çempionu adına layiq görülüb, 6 idmançı isə mükafatçılar sırasında yer alıb. Komandaların mübarizəsində isə fransalı veteranları məğlub edən "Cudo klub 2012”nin üzvləri 3-cü yerə sahib çıxıblar. Əməkdar məşqçi Tərlan Həsənov, veteran cüdoçu Fərhad Rəcəbli, 3 qat dünya və Avropa çempionu Zaur Paşayev, 3 qat dünya və 4 qat Avropa çempionu Vüqar Budaqov, 4 qat dünya çempionu Zülfiyyə Hüseynova və bir çox veteran idmançılar məhz bu klubda məşq edirlər.
"Cudo klub 2012”nin üzvləri - Azərbaycanın veteran cüdoçuları buyaxınlarda Hollandiyanın Amsterdam şəhərində keçirilən dünya çempionatında güclərini sınayıblar. Sentyabrın 20-də start götürən və 4 gün davam edən yarışda ən yüksək nəticəni 81 kq çəki dərəcəsində Fərhad Rəcəbli qazanıb. O, bütün rəqiblərinə qalib gələrək 6-cı dəfə dünya çempionu adına layiq görülüb.
Təcrübəli mütəxəssis, "Cudo klub 2012” klubunda məşqçi kimi fəaliyyət göstərən Fərhad Rəcəbli bu idman ocağı, burada yaradılan şərait barədə xoş sözlər dedi. "Adından da göründüyü kimi, bu klub 2012-ci ildə yaranıb. Klubun yaradıcısı Azərbaycan Cüdo Veteranlar Assosiasiyasının prezidenti, dəfələrlə veteranlar arasında Avropa və dünya çempionu olan Azər Əsgərovdur. Bura Bakıda yeganə klubdur ki, məşq etmək üçün hər cür şərait mövcuddur. Klubda idmançılar üçün yataq korpusu, idman zalları, trenajor zalı, sauna, həmçinin digər avadanlıqlar da var. Şübhəsiz ki, yaradılan şərait uğurlarımıza yaşıl işıq yandırır. Ötən ilin sonunda və bu ilin əvvəllərində klubumuzun yeniyetmələr, gənclər və böyüklərdən ibarət cüdoçuları Azərbaycan çempionatlarında mükafatalayiq yerlər tutublar. Klubun üzvləri, həmçinin müxtəlif ölkələrdə keçirilən Avropa kubokunun da mükafatçısı olublar. Klubumuzda 5 yaşından 60 yaşınadək idmançılar məşq edirlər. Yəni burada yeniyetmələr, gənclər və böyüklərlə yanaşı, usta cüdoçularımız da məşğul olurlar.
Onu da deyim ki, bölgələrdən gələn uşaqların da qalması üçün klubda lazımi şərait yaradılıb”.
2013-cü ildə ölkəmizdə ilk dəfə olaraq cüdo üzrə klublararası yarış keçirilib. Bu yarışın keçirilməsinin əsas təşəbbüskarı yığma komandamızın baş məşqçisi, avstriyalı mütəxəssis Peter Zeyzenbaher olub. Həmin dövrdə təşkil olunan klublararası Azərbaycan kubokunda "Cudo klub 2012” üçüncü yerə layiq görülüb. "Təbii ki, Avropa ölkələrində klub yarışları fərdi yarışlardan daha maraqlı olur. Buna görə də Peter Zeyzenbaher ölkəmizdə klublararası yarışın təşkil olunması təşəbbüsü ilə çıxış etmişdi. Həmin yarışlar keçiriləndə klubumuz təzə yaranmışdı. Buna baxmayaraq yarışı üçüncü pillədə başa vurduq. Təəssüf ki, sonralar bu yarış keçirilmədi. Belə turnirlər idmançıların formada olması və təcrübə qazanmasında böyük rol oynayır. İnanıram ki, klublararası yarışlar gələcəkdə bərpa olunacaq”, - deyə Fərhad Rəcəbli əlavə etdi.
Məlumat üçün bildirək ki, yaxın vaxtlarda cüdo üzrə Azərbaycan çempionatı, həmçinin Bakı şəhər açıq birinciliyi keçiriləcək. Ölkə çempionatında fərqlənən idmançılar cüdo yığma komandaya dəvət olunacaqlar. Bunu nəzərə alan "Cudo klub 2012” klubunun üzvləri də hər iki turnirə səylə hazırlaşırlar.

Azər Əlizadə