Cüdoçularımız Afrikadan 4 medalla qayıdıblar

Cüdoçularımız Afrikadan 4 medalla qayıdıblar


Mavrikinin paytaxtı Port-Lui şəhərində keçirilən lisenziya xarakterli cüdo üzrə Afrika açıq kubokuna yekun vurulub. 51 ölkədən 214 (140 kişi, 74 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da mübarizə aparıblar.
Komandamız yarışda 11 (9 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın birinci günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Qadın cüdoçularımızdan Ayşə Qurbanlının çıxışı uğurlu alınıb. 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz əvvəlcə ev sahibi Letisiya Lumelonu, sonra isə avstraliyalı Xloe Rayneri məğlub edib. Yarımfinal qarşılaşmasında isə Ayişə ekvadorlu cüdoçu Diana Kobosa uduzaraq bürünc medal uğrunda mübarizə aparıb. Bu mərhələdə o, Amerika idmançısı Ketelin Boysa qalib gələrək bürünc medala sahib çıxıb.
60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Oruc Vəlizadə 1/4 finala çıxıb. Lakin o, italiyalı Karmin de Lorentoya məğlub olaraq təsəlliverici görüşdə mübarizə aparıb. Avstriya təmsilçisi Lyudoviq Payşerə uduzan O.Vəlizadə 7-ci yerlə kifayətlənib.
Turnirdə iştirak edən digər cüdoçularımız İsmail Piriyev (73 kq), Tərlan Kərimov (66 kq) və Xanım Hüseynova (63 kq) isə mübarizəni erkən dayandırmalı olublar.
Çempionatın ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub. Belə ki, idmançılarımız aktivinə daha 3 bürünc medal yazdıra biliblər. 81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu əvvəlcə Qətər nümayəndəsi Usama Xadcamaya qalib gəlib. 1/4 finalda Çernoqoriya təmsilçisi Sırcan Mravleviçə məğlub olan idmançımız təsəlliverici görüşdə mübarizə aparıb. A.Rəsullu bu mərhələdə əvvəlcə qabonlu Pol Kibikaini məğlub edib. Sonra Marko Bubanyaya qalib gələn cüdoçumuz bürünc medala sahib çıxıb.
90 kq çəki dərəcəsində mübarizəyə başlayan idmançımız Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. İdmançımız çilili Tomas Briseno və mərakeşli İmad Abdullauini məğlub edərək yarımfinala çıxıb. O, yarımfinalda Əlcəzair cüdoçusu Adberəhman Benamadiyə uduzub. Lakin cüdoçumuz üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Berns üzərində qələbə qazanaraq üçüncü yerin sahibi olub.

Daha bir çüdoçumuz uğurlu nəticəyə imza atıb. Belə ki, ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri də bürünc medal qazanıb. İtaliyalı cüdoçu Alessio Maskettini məğlub edən idmançımız avstriyalı Daniel Allerstorferiyə də qalib gələrək yarımfinala çıxıb. Lakin O da bu mərhələdə əlcəzairli idmançı Amin Tayebə məğlub olaraq üçüncü yer uğrunda mübarizə aparıb. Bürünc medal uğrunda qarşılaşmada Uşanqi Tacikistan cüdoçusu Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib.
Beləliklə, 4 bürünc medal qazanan cüdoçularımız komanda hesabında 16-cı yeri tutublar.
Məlumat üçün qeyd edək ki, cüdoçularımız noyabrın 13-14-də Avstraliyanın Vullonqonq şəhərində keçiriləcək açıq Okeaniya kuboku yarışlarında iştirak edəcəklər.
Reytinq xarakteri daşıyan yarışda açıq Afrika çempionatında mübarizə aparan cüdoçularımız çıxış edəcəklər.