Şahmatçımız dünya çempionu adına layiq görüldü

Şahmatçımız dünya çempionu adına layiq görüldü


Yunanıstanın Halkidiki şəhərində keçirilən 8 yaşından 18 yaşınadək oğlan və qızlar arasında şahmat üzrə dünya birinciliyinə yekun vurulub. Yarışda 92 ölkədən 1596 zəka sahibi mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən 11 turdan ibarət birincilikdə Azərbaycan şahmatçıları da yarışıblar. Ölkəmizi turnirdə müxtəlif yaş qrupları üzrə 15 (9 oğlan, 6 qız) zəka sahibi təmsil edib. Sonuncu turda 12 yaşınadək oğlanların yarışında mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı (Bakı,1 saylı İOEUGŞDİM) Rusiya şahmatçısı Arseni Nesterov üzərində qələbə qazanaraq 9 xalla dünya çempionu adını qazanıb.
Xatırladırıq ki, Məhəmməd Muradlı Bakı birinciliyində I, Azərbaycan birinciliyində IV yeri tutub.
Dünya birinciliyinin əsasnaməsinə görə ilk altılığa düşən şahmatçılar mükafatlandırılıblar. Mükafatçılar arasında həmyerlilərimiz Aydın Süleymanlı, Ayan Allahverdiyeva və Səmra Qasımova da olub. Beləki, 10 yaşınadək oğlanların çempionatında iştirak edən həmyerlimiz Aydın Süleymanlı liderlərdən yarım xal az toplayaraq 8,5 xalla 3-5-ci yerləri bölüşdürüb. 8 yaşınadək qızların yarışında Səmra Qasımova 8 xal toplayaraq 5-6-cı yerləri bölüşdürüb. Ayan Allahverdiyeva isə 10 yaşınadək qızların çempionatında aktivinə 8 xal yazdıraraq 4-9-cu yerləri bölüşdürüb və əlavə göstəricilərə görə 6-cı yerin sahibi olub.
Digər təmsilçilərimiz də uğurla çıxış edərək ilk onluğa düşüblər. Məhəmməd Muradlı ilə eyni qrupda mübarizə aparan digər həmyerlimiz Əhməd Əhmədzadə sonuncu turda rəqibi ilə xalları yarı bölüb və 8 xalla ilk onluqda yer alıb. Biləsuvar şahmat məktəbinin yetişdirməsi Xəzər Babazadə isə 8 xal toplayaraq 9-cu yerin sahibi olub. 14 yaşınadək qızların yarışında mübarizə aparan Xanım Balacayeva aktivinə 7,5 xal yazaraq 8-15-ci yerləri bölüşdürüb. 18 yaşınadək qızlar arasında yarışan Aytən Əmrayeva isə çempionatı 11-ci pillədə başa vurub.
Yığmamız bu nəticə ilə ümumi komanda hesabında 92 ölkə arasında 4-cü yerə çıxıb.