Komandalararası Avropa çempionatı davam edir

Komandalararası Avropa çempionatı davam edir


Məlumdur ki, İslandiyanın paytaxtı Reykyavik şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı keçirilir. 36 kişi və 30 qadın komandasının mübarizə apardığı yarışda Azərbaycan yığmaları da iştirak edirlər. Yarışın qaydalarına görə hər komandanın tərkibinə dörd əsas və bir ehtiyat oyunçu daxildir. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir. ELO reytinqinə görə turnirin favoriti Rusiya yığmasıdır. Reytinqdə ikinci yeri Ukrayna, üçüncü yeri Azərbaycan komandası tutur. Hazırkı titulun sahibi Aleksandr Halifmanın komandası ilk turda Sloveniya yığması ilə üz-üzə gəlib. Teymur Rəcəbov (2739), Arkadi Naydiç (2689), Rauf Məmmədov (2653) və Eltac Səfərlidən (2657) ibarət millimiz qələbə qazanıb. Teymur Rəcəbov və Rauf Məmmədov heç-heçə oynasalar da, Arkadi Naydiç və Eltac Səfərlinin qələbəsi sayəsində millimiz ümumi hesabda - 3:1 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət komandamız isə ilk oyununda qalib gələ bilməyib. Fikrət Sideifzadənin rəhbərliyi altında Zeynəb Məmmədyarova (2235), Ülviyyə Fətəliyeva (2294), Gülnar Məmmədova (2303) və Nərmin Kazımovadan (2323) ibarət millimiz I turda Belçika komandası ilə heç-heçə oynayıb. Nərmin Kazımova və Ülviyyə Fətəliyeva qələbə qazansalar da, Zeynəb Məmmədyarova və Gülnar Məmmədovanın məğlubiyyəti yekunda hesabın 2:2 başa çatması ilə nəticələnib.
İkinci turda kişilərdən ibarət yığmamız növbəti qələbəsini qazanıb. Bu turda şahmatçılarımız Danimarka komandasını 3,5:0,5 hesabı ilə məğlub ediblər. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Arkadi Naydiç qələbə qazanıblar. Rauf Məmmədov rəqibi ilə heç-heçə edib. İtaliya komandası ilə qarşılaşan Azərbaycanın qadınlardan ibarət yığmamız isə bu turda uduzub - 1,5:2,5. Təmsilçilərimizdən yalnız Gülnar Məmmədova keçirdiyi görüşü qələbə ilə başa vura bilib. Xəyalə Abdulla rəqibi ilə heç-heçəyə razılaşıb. Zeynəb Məmmədyarova və Nərmin Kazımova isə məğlub olublar.
İlk iki turda qələbə qazanan kişilərdən ibarət yığmamız üçüncü turda 36 komanda arasında reytinqdə ikinci olan Ukaryana komandası ilə qarşılaşıb. Şahmatçılarımız bu dəfə daha döyüşkən heyətlə mübarizə aparsalar da güclü rəqiblə mübarizədə məğlubiyətdən qaça bilməyiblər. Belə ki, ilk turda istirahət edən Şəhriyar Məmmədyarov bu dəfə birinci masada yarışıb. Lakin görüş şahmatçımız üçün uğursuz alınıb. Ukraynanın ən güclü zəka sahiblərindən olan Pavel Elyanov ilə qarşılaşan Şəhriyar məğlub olub. Ondan fərqli olaraq, Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli rəqibləri ilə xalları yarı bölüblər.
Qeyd edək ki, bu tur Rauf Məmmədov istirahət edib.
Qadınlardan ibarət yığmamız isə Latviya komandası ilə oynayıb. İlk tur heç-heçə edib, ikinci turda İtaliyaya uduzan millimiz budəfəki mübarizədə də məğlub olub. Şahmatçılarımızdan yalnız Gülnar Məmmədova qələbə qazanıb. Zeynəb Məmmədyarova Dana Reyzneçe Ozola, Ülviyyə Fətəliyeva isə Katrina Skinkeyə məğlub olub. Xəyalə Abdulla İlze Berzina ilə qarşılaşmada heç-heçəyə razılaşıb.
Dördüncü turda hər iki komandamız qələbə qazanıb. Kişilərdən ibarət seçməmiz Türkiyə komandası ilə üz-üzə gəlib. Görüş 3,5:0,5 hesabı ilə millimizin xeyrinə başa çatıb. Bu turda qrossmeysterlərimizdən Teymur Rəcəbov Mustafa Yılmazı məğlub edib. Arkadi Naydiç Barış Esen üzərində qələbə qazanıb, Rauf Məmmədov Can Emreyə qalib gəlib. Komandanın kapitanı Şəhriyar Məmmədyarov rəqibi Draqan Solak ilə heç-heçəyə razılaşıb.
Qadınlardan ibarət komandamız isə Norveç komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın qələbəsinin ardından Xəyalə Abdulla rəqibi ilə heç-heçə oynayıb. Nərmin Kazımova turu məğlubiyyətlə başa vurub.
Beşinci turun görüşləri çərçivəsində kişilərdən ibarət komandamız turnirin lideri Rusiya millisi ilə qarşılaşıb. Birinci lövhədə oynayan millimizin lideri Şəhriyar Məmmədyarov Pyotr Svidler ilə xalları yarı bölüb. Digər qrossmeysterlərimiz Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli də görüşü heç-heçə başa vurublar. Beləliklə, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Qadınlardan ibarət Azərbaycan millisi isə danimarkalı zəka sahibləri ilə oyunda rəqiblərinə heç bir şans verməyib. Görüş 4:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Xəyalə Abdulla və Ülviyyə Fətəliyeva görüşlərini qələbə ilə başa vurublar.
Qeydə alınan bu nəticələrdən sonra kişilərdən ibarət yığmamız 7 xalla beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinin birinci pilləsində isə aktivində 9 xal olan Rusiya komandası qərarlaşıb. Ukrayna, Fransa və Gürcüstan yığmaları isə 8 xalla 2-4-cü pillələri bölüşdürürlər.
Qadınlardan ibarət komandamız isə 6 xalla 11-ci pillədə yer alıb. Rusiya yığması 10 xalla birinci, Ukrayna və Gürcüstan komandaları isə 8 xalla, müvafiq olaraq, ikinci, üçüncü pillələrdə qərarlaşıblar.
Xatırladaq ki, şahmat üzrə hazırkı Avropa çempionu kişilər arasında Azərbaycan, qadınlar arasında isə Ukrayna yığmalarıdır.
Yarışa noyabrın 22-də yekun vurulacaq.


Şahmat üzrə komandalararası Avropa çempionatı

I tur
Kişilər

Sloveniya - Azərbaycan - 1:3
Aleksandr Belyavski (2622) - Teymur Rəcəbov (2739) - 0,5:0,5
Luka Leniç (2625) - Arkadi Naydiç (2689) - 0:1
Yure Borisek (2565) - Rauf Məmmədov (2653) - 0,5:0,5
Matey Şebenik (2528) - Eltac Səfərli (2657) - 0:1
Qadınlar

Belçika (28) - Azərbaycan (13) - 2:2
Hanne Qussens (2184) - Zeynəb Məmmədyarova (2235) - 1:0
Yuliya Morozova (1995) - Gülnar Məmmədova (2303) - 1:0
Vebke Barbye (1980) - Nərmin Kazımova (2323) - 0:1
Astrid Barbye (1819) - Ülviyyə Fətəliyeva (2294) - 0:1

II tur
Kişilər
Azərbaycan - Danimarka - 3,5:0,5
Şəhriyar Məmmədyarov (2743) - Sune Berg Hansen (2566) - 1:0
Arkadi Naydiç (2689) - Lars Şandorf (2519) - 1:0
Rauf Məmmədov (2653) - Mads Andersen (2459) - 0,5:0,5
Eltac Səfərli (2657) - Byörn Oşner (2405) - 1:0
Qadınlar

İtaliya - Azərbaycan - 2,5:1,5
Olqa Zimina (2364) - Zeynəb Məmmədyarova (2235) - 1:0
Yelena Sedina (2305) - Gülnar Məmmədova (2303) - 0:1
Marina Brunello (2292) - Nərmin Kazımova (2323) - 1:0
Daniela Movileanu (2191) - Xəyalə Abdulla (2283) - 0,5:0,5


III tur

Kişilər

Ukrayna - Azərbaycan - 2,5:1,5
Pavel Elyanov - Şəhriyar Məmmədyarov - 1:0
Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5
Anton Karobov - Arkadi Naydiç - 0,5:0,5
Aleksandr Areşenko - Eltac Səfərli - 0,5:0,5

Qadınlar
Azərbaycan - Latviya - 1,5:2,5
Zeynəb Məmmədyarova - Dana Reyzneçe Ozola - 0:1
Gülnar Məmmədova - Laura Roqule - 1:0
Xəyalə Abdulla - İlze Berzina - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Katrina Skinke - 0:1

IV tur

Kişilər

Azərbaycan - Türkiyə - 3,5:0,5
Şəhriyar Məmmədyarov (2743) - Draqan Solak (2628) - 0,5:0,5
Teymur Rəcəbov (2739) - Mustafa Yılmaz (2594) - 1:0
Arkadi Naydiç (2689) - Barış Esen (2565) - 1:0
Rauf Məmmədov (2653) - Əmrə Can - 1:0

Qadınlar

Azərbaycan - Norveç - 2,5:1,5
Gülnar Məmmədova (2303) - Şeyla Bart Sal (2190) - 1:0
Nərmin Kazımova (2323) - Nina Koskela (2204) - 0:1
Xəyalə Abdulla (2283) - Olqa Doljikova (2145) - 0,5:0,5
Ülviyyə Fətəliyeva (2294) - Yellisiv Repen (2058) - 1:0

V tur

Kişilər

Azərbaycan - Rusiya - 2:2
Pyotr Svidler (2745) - Şəhriyar Məmmədyarov (2743) - 0,5:0,5
Aleksandr Qrişuk (2750) - Teymur Rəcəbov (2739) - 0,5:0,5
Yan Nepomnyaşi (2705) - Arkadi Naydiç (2689) - 0,5:0,5
Dmitri Yakovenko (2735) - Eltac Səfərli (2657) - 0,5:0,5

Qadınlar
Danimarka - Azərbaycan - 0:4
Nina Noyberq (2200) - Zeynəb Məmmədyarova (2235) - 0:1
Sandra de Blekurt (2141) - Gülnar Məmmədova (2303) - 0:1
Esmat Kuindi (2057) - Xəyalə Abdulla (2283) - 0:1
Tomin Stolberq-Rohr (1985) - Ülviyyə Fətəliyeva (2294) - 0:1