Cüdoçumuz ili bürünc medalla başa vurdu

Cüdoçumuz ili bürünc medalla başa vurdu


Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. Təqvimdə sonuncu olan bu turnirlə beynəlxalq mövsüm başa çatıb. 91 ölkədən 472 (292 kişi, 180 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da yer alıblar. Ümumi mükafat fondu 154 min ABŞ dolları olan ilin son mötəbər yarışında ölkəmizi iki idmançı təmsil edib. Komandamızın baş məşqçisi Peter Zeyzenbaher Tokio sınağında Elmar Qasımov və Elxan Məmmədova (hər ikisi 100 kq) şans verib. Təmsilçilərimiz mübarizəyə yarışın sonuncu günündə başlayıblar. Yarışın üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimizi 100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov turnirin bürünc medalına sahib olub.
O, ilk görüşündə yerli idmançı Aaron Volfu məğlub edib. Növbəti mərhələdə cüdoçumuz almaniyalı Dino Pfeyffer, daha sonra isə kubalı Joz Armenter üzərində qələbə qazanıb. Yarımfinalda isə, o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizə aparıb. Elmar Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək "Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb.
Digər təmsilçimiz Elxan Məmmədov isə braziliyalı Lyuçiano Korrea ilə qarşılaşıb. Lakin dünya çempionumuz elə ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb. Beləliklə, yarışda cəmi iki cüdoçu ilə təmsil olunan milli komandamız "gündoğar ölkə”də bir bürünc medala sahib çıxıb. "Böyük dəbilqə” yarışında qalib idmançı 500 reytinq xalı qazanıb. İkinci yerin sahibi 300, üçüncü yeri tutan cüdoçu isə 200 xal əldə edib.
Bununla da beynəlxalq mövsüm "Böyük dəbilqə” seriyasından olan nüfuzlu yarışlarla başa çatıb.
Məlumat üçün qeyd edək ki, 2015-ci ildə "Böyük dəbilqə” turniri beş mərhələni əhatə edib. Birinci mərhələ mayda Bakıda, iyul mərhələsi Tümendə (Rusiya), oktyabr ayına nəzərdə tutulan iki mərhələ Parisdə və Abu-Dabidə keçirilib. Turnirə, ənənəvi olaraq, dekabr ayında Tokioda yekun vurulur.