Dekabrın 23-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürdü. Yarışın təntənəli açılış mərasimində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli iştirak etdi.
Açılış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yarış iştirakçılarını salamlayaraq ölkəmizdə idmana və Olimpiya Hərəkatının inkişafına göstərilən dövlət qayğısından danışdı. «Azərbaycan idmanının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz bu dahi şəxsiyyətin uzaqgörən siayəstinin nəticəsi olaraq ölkəmizdə idman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sevindirici haldır ki, Azərbaycanın adı bu gün dünyanın ən qabaqcıl idman ölkələri ilə birgə çəkilir. Ölkəmiz bir sıra nüfuzlu idman tədbirlərinə uğurla ev sahibliyi edir. Başa çatmaqda olan 2015-ci il Azərbaycan idmanı üçün çox uğurlu oldu. Atletlərimiz bu il Olimpiya və qeyri-Olimpiya idman növlərində ümumilikdə 823 medal qazanıblar. Ölkəmiz bu il dünyada ilk dəfə olaraq I Avropa Oyunlarına ev sahibliyi etməklə tarix yazdı. Təmsilçilərimiz Bakı-2015-də uğurla yarışaraq 56 medal qazanmaqla Rusiyadan sonra ikinci yerə çıxdılar. Bu Azərbaycan idmanı üçün böyük nəticə idi.
İdmançılarımız bu nəticələrlə dövlətimiz tərəfindən onlara göstərilən etimadı layiqicə doğrultdular. Cüdo bu gün respublikamızda ən populyar idman növlərindən biridir. Cüdoçularımız iştirak etdikləri turnirlərdə ölkəmizi layiqincə təmsil edirlər. İnanıram ki, onlar gələcəkdə də uğurlu çıxışları ilə xalqımızı sevindirəcəklər», - deyə İsmayıl İsmayılov qeyd etdi.
Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli son vaxtlar Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda uğurlu nəticələr əldə etdiyini bildirdi. «2015-ci il Azərbaycanın idman tarixində əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizdə I Avropa Oyunlarının keçirilməsi Azrəbaycan idmanının qüdrətindən xəbər verirdi. İnanıram ki, 2016-cı il də bizim üçün düşərli olacaq. Gələn il Brazilyanın Rio-de Janeyro şəhərində Olimpiya Oyunları təşkil olunacaq. Artıq demək olar ki, cüdo üzrə yığmamızın 4 üzvü bu Oyunlara lisenziyanı təmin edib. İnanıram ki, Rio Olimpiadasına qədər bu lienziyaların sayı bir qədər də artacaq», - deyə Elnur Məmədli qeyd etdi.
Rəsmi çıxışlardan sonra Azərbaycan respublikasının dövlət himni səsləndirildi. Açılış mərasimi tanınmış incəsənət xadimlərinin iştirakı və yeniyetmə cüdoçuların nümunəvi çıxışlarından ibarət bədii hissə ilə davam etdirildi.
İki gün davam edəcək yarışda paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrini təmsil edən 41 komandadan 340 cüdoçu mübarizə aparır. Yarışın birinci günündə qızların yarışında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində final görüşləri keçirildi.