Dekabrın 23-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Olimpnews.az saytının məlumatına görə, iki gün davam edən yarışda paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrini təmsil edən 41 komandadan ümumilikdə 340 cüdoçu mübarizə aparır.
Çempionatın birinci günündə qızların yarışında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində final görüşləri keçirilib. Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Vüqar Şirinli finalda Oruc Vəlizadəni məğlub edərək Azərbaycan çempionu adını qazanıb. Bürünc medallara isə Murad Heydərli və Sadıx Məhərrəmov sahib çıxıb. Çəkisi 66 kq olan idmançıların mübarizəsində isə Telman Vəliyev birinci yeri tutub. Rəşad Rufullayev gümüş, Emil Həsənov və İlkin Babazadə isə bürünc medallara layiq görülüb.
Qadınların yarışında yenə də yığma komandanın əsas üzvləri ilk pillələrdə qərarlaşıblar. Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq), Şəhanə Alməmmədova (57 kq), Xanım Hüseynova (63 kq), Validə Mirzəzadə (70 kq), Günel Həsənli (78 kq) bütün rəqiblərindən üstün olublar.
Yarışın sonuncu günündə kişilərin mübarizəsində 5 çəki dərəcəsi üzrə qaliblərin adları müəyyənləşəcək.