«Sevindirici haldır ki, biz cüdonun bölgələrdə inkişafına nail olmuşuq». Olimpnews.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.
E.Babanlı bölgə komandalarının turnirdə iştirak etmək üçün ezamiyə xərclərinin federasiya tərəfindən ödənildiyi bildirib: «Bu yarış Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin təşkil etdiyi respublika miqyaslı ikinci yarışı idi. Qeyd edim ki, yeni rəhbərlik bu yarışa qədər iki dəfə də Bakı şəhər çempionatını təşkil etmişdi. Turnirdə paytaxtla yanaşı, bölgələri də təmsil edən 41 komanda mübarizə aparırdı. Yarışda yığma komandanın əsas üzvlərinin hamısının iştirak etməsi nəzərdə tutulmuşdu. Lakin Monqolustanda təşkil olunan təlim-məşq toplanışında yığmanın bir neçə aparıcı üzvü zədələndiyinə görə çempionatda iştirak edə bilmədilər. Respublika birinciliyində olduğu kimi, bu yarışda da bölgə komandaları böyük say tərkibi ilə iştirak edirdilər. Bunun da əsas səbəbi bölgə komandalarının turnirdə iştirak etmək üçün ezamiyə xərclərinin federasiya tərəfindən ödənilməsi ilə bağlı idi. İnanıram ki, bölgə idmançılarının fəallığını gələcək yarışlarda da izləyəcəyik».
Qeyd edək ki, Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilir. İki gün davam edən yarışda paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrini təmsil edən 41 komandadan ümumilikdə 340 cüdoçu mübarizə aparır.