«Respublika çempionatı demək olar ki, «Böyük dəbilqə», Qran-pri kimi turnirlərin səviyyəsində keçirilir». Olimpnews.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasında Yarışların təşkili və keçirilməsi sektorunun sədri Ağayar Axundzadə deyib.
O, növbəti ildən cüdonun bölgələrdə inkişaf etdirilməsini nəzərə alaraq federasiya tərəfindən regionlarda zona yarışlarının keçirilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib: «Respublika çempionatı Bakı birinciliklərindən sonra ikinci ən böyük yarış idi. Digər turnirlərdə olduğu kimi, bu yarış da Bakı İdman Sarayında keçirildi. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Çalışırıq ki, ölkədaxili yarışları da beynəlxalq səviyyədə təşkil edək. Yeni rəhbərliyin gəlişindən sonra, Nizam-İntizam komitəsi, Hakimlər Komitəsi, Məşqçilər Komitəsi, Yarışların təşkili və keçirilməsi və Bölgələrdə cüdonun inkişafı sektorları yaradılıb. Komitə və sektorların tərkibində respublikanın görkəmli idman işçiləri yer alıblar. Bu komitələrin təşkil olunmasının öz məqsəd və vəzifələri var. Hər kəs çalışır ki, cüdonun populyarlaşması və inkişafı üçün öz bilik və bacarıqlarını nümayiş etdirsin. Rəhbərlik yarışları nizam-intizam qaydalarına riayət olunmaqla ədalətli qaydada təşkil etməyə çalışır. Federasiya növbəti ildən cüdonun bölgələrdə inkişaf etdirilməsini nəzərə alaraq regionlarda zona yarışlarının keçirilməsini qərara alıb. Zona yarışlarında qalib gələn idmançılar paytaxtda mübarizə aparmaq hüququ əldə edəcəklər. Fikrimcə, bu idmançıların hazırlıq səviyyəsini yüksəltmək üçün çox gözəl bir vasitədir».
Qeyd edək ki, Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilir. İki gün davam edən yarışda paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrini təmsil edən 41 komandadan ümumilikdə 340 cüdoçu mübarizə aparır.