Bu gün Bakı İdman Sarayında keçirilən cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vuruldu. Olimpnews.az saytının məlumatına görə, iki gün davam edən yarışda paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrini təmsil edən 41 komandadan 340 cüdoçu mübarizə aparırdı. Çempionatın sonuncu günündə kişilərin mübarizəsində 5 çəki dərəcəsi üzrə qaliblərin adları müəyyənləşdi. Gərgin mübarizə şəraitində keçən yarışda Hidayət Heydərov (73 kq), Elvin Əhmədli (81 kq), Rüstəm Alimli (90 kq), Elxan Məmmədov (100 kq) və Uşangi Kokauri (100+ kq) Azərbaycan çempionu adına layiq görüldülər. Qaliblər medal və diplomlarla təltif olundular.
Məlumat üçün qeyd edək ki, yarışların birinci günündə qızların yarışında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində final görüşləri keçirilmişdi. Kişilərin mübarizəsində Vüqar Şirinli (60 kq) və Telman Vəliyev birinci yerə sahib çıxmışdı. Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq), Şəhanə Alməmmədova (57 kq), Xanım Hüseynova (63 kq), Validə Mirzəzadə (70 kq), Günel Həsənli (78 kq) bütün rəqiblərindən üstün olmuşdular.