Respublika Şahmat Mərkəzində keçirilən uşaq və yeniyetmələr arasında şahmat üzrə şəxsi və komanda birinciliyinə yekun vurulub. 2005-2008-ci illər və 2000-2004-cü illər təvəllüdlü zəka sahibləri arasında keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
10 yaşınadək uşaqlar arasında yarışda RİOEUGŞM, HRŞDK, RŞK, 1 saylı İOEUGŞDİM, 2 saylı İOEUGŞİM, 3 saylı UGŞİM və 19 saylı UGİM-i təmsil edən 46 (40 oğlan, 6 qız) şahmatçı iştirak edib. 15 yaşınadək uşaq və yeniyetmələr arasında yarışda isə 33 (28 oğlan qız) zəka sahibi mübarizə aparıb. Yarışları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə idarə edib. 9 turdan sonra 15 yaşınadək uşaq və yeniyetmələr arasında yarışda şəxsi hesabda I yeri 7 xalla (əmsal 37,5) Nihat Mustafayev (RİOEUGŞM) tutub. Onunla eyni xal toplayan Gülbacı Əsədova (1 saylı İOEUGŞDİM) ikinci olub. III yerə isə 6,5 xal (əmsal 38,0) toplayan Telman İsrafilov (3 saylı UGŞİM) sahib çıxıb. 10 yaşınadək uşaqlar arasında yarışda şəxsi hesabda I yerə 7,5 xalla (əmsal 34,0) Məhəmməd Həsənzadə (RİOEUGŞM) layiq görülüb. Ondan yarım xal az toplayan Sabir Xanzadəyev (2 saylı İOEUGŞİM) və Murad Rəsulzadə (RİOEUGŞM) müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
10 yaşınadək uşaqlar arasında yarışda komanda hesabında I yerə 20 xalla RİOEUGŞM saxib çıxıb. 19,5 xal toplayan 2 saylı İOEUGŞİM ikinci, 17 xala malik olan 1 saylı İOEUGŞDİM isə üçüncü olub. Yarışlarda Nihat Mustafayev (RİOEUGŞM), Gülbacı Əsədova (1 saylı İOEUGŞDİM), Məhəmməd Həsənzadə (RİOEUGŞM), Sabir Xanzadəyev (2 saylı İOEUGŞİM) və Murad Rəsulzadə (RİOEUGŞM) I dərəcə normasını yerinə yetirib.
Oyunlardan sonra təntənəli bağlanış mərasimi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə əlaqələndirici-kuratoru Salman Əbdülov çıxış edərək şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən yarışların böyük rol oynadığını bildirib.
Sonda hər iki yaş qrupu üzrə ilk üç yeri tutan şahmatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal, kubok və xatirə hədiyyələri ilə təltif olunublar.