Yanvarın 8-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüb.
"Olimpnews.az” AzərTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan R.Abdullayev ölkə başçısı İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.
Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən R.Abdullayev cüdoçularımızın mötəbər yarışlardakı uğurlarını xüsusi vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya Respublikası, Yaponiya, Afrika "Qran-pri” və "Böyük dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabrında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R. Abdullayev bu yarışlarda rekord sayda cüdoçunun mübarizə apardığını qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Respublikamızda dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib.
Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Marius Vizer bu ilin mayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə” yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib.
2017-ci ilin yanvarında beynəlxalq dərəcəli hakimlərin seminarının keçirilməsinin də Bakıya həvalə olunduğunu söyləyən Marius Vizer bu tədbirdə olimpiadadan sonra cüdoda yeni qaydaların tətbiq ediləcəyini deyib. Həmçinin, Beynəlxalq Cüdo Federasiyanın iki il əvvəl yaranmış akademiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlığa başlanılacaq. Sonra Marius Vizer Beynəlxalq Cüdo Federasiyanın xüsusi hədiyyəsini Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə təqdim edib.