Qrossmeysterimiz dünyanın ən güclü şahmatçıları ilə bir araya gələcək
17:26 11.01.2016
12630
Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərindən şahmat üzrə ənənəvi beynəlxalq turnir start götürəcək. Olimpnews.az saytının məlumatına görə, 78-ci dəfə təşkil olunacaq turnirdə 14 qrossmeyster mübarizə aparacaq. 2016-cı ilin ilk nüfuzlu yarışında həmyerlimiz Şəhriyar Məmmədyarov da iştirak edəcək. 8 illik fasilədən sonra Veyk-an-Zee turnirində mübarizə aparacaq qrossmeysterimizlə yanaşı, digər 13 iştirakçının da adı müəyyənləşib. Bunlar Bakıda keçirilən 2015-ci il Dünya kubokunun sahibi Sergey Karyakin (Rusiya), dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Dinq Liren, Vey Yi, Yifan Hou (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Hollandiya), Maykl Adams (İngiltərə), Pavel Elyanov (Ukrayna), Yevgeni Tomaşevski (Rusiya) və David Navaradır (Çexiya). Yarışın qaydalarına görə iştirakçıları iki səyyar tur gözləyir: birinci tur Amsterdamda NEMO elmi muzeyində, ikincisi isə Utrexte dəmiryolu muzeyində keçiriləcək.
Qeyd edək ki, dairəvi sistem üzrə keçiriləcək şahmat festivalı yanvarın 31-dək davam edəcək.