Respublika Şahmat Mərkəzində 2002-2003-cü illər təvəllüdlü oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda 1 saylı İOEUGŞDİM, 2 saylı İOEUGŞİM, 3 saylı UGŞİM, 19 saylı UGİM, RİOEUGŞM, HİRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 35 zəka sahibi iştirak edib. 14 yaşınadək oğlanlar arasında yarış İsveçrə sistemi üzrə keçirilib. Yekun nəticələrə əsasən birinci yeri 8,5 xalla Fərid Aslanov (RİOEUGŞM) tutub. İkinci yerə 6,5 xal toplayan Muhəmməd İsmayılov (2 saylı İOEUGŞİM) sahib çıxıb. Onunla eyni xala malik olan Mikayıl Fərhadov (RİOEUGŞM) üçüncü yerə layiq görülüb. İlk üç yeri tutanlar və 6,5 xal toplayaraq dördüncü yeri tutan Emin Kazımov (2 saylı İOEUGŞİM) bu il martın 30-da keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.
Eyni yaşlı qızların yarışında Sədaqət Abbasova 6 xal toplayaraq qızıl medala sahib çıxıb. Fatimə Məmmədova (5,5 xal) ikinci, Aydan Hüseynova isə 5 xalla 3-cü olub. 4-cü yerə isə 5 xal toplayan Nərgiz Quliyeva çıxıb.
7 turdan ibarət olan 16 yaşınadək oğlanların yarışında Oğuz Abışlı 7 oyundan 6 xal toplayaraq çempion adını qazanıb. Emin Ələkbərov isə 5 xal toplayaraq ikinci yerin sahibi olub. Səid Rəfili, İsmayıl İsmayılzadə və Tofiq Feyzullayev 4,5 xal toplamaqla 3-5-ci yerləri bölüşdürürlər. Eyni yaşlı qızların yarışında Aysu İsmayilova aktivinə 6,5 xal yazaraq birinci yerə layiq görülüb. İkinci yerə 5 xalla Ülkər Həsənzadə, üçüncü yerə isə 4,5 xal toplayan Nərmin Quluzadə çıxıb.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə əlaqələndiricisi Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edərək onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Yarışın əsasnaməsinə görə, 14 yaşınadək yeniyetmələr arasında ilk 4 yeri tutan şahmatçılar (həm qızlar, həm oğlanlar), 16 yaşınadək oğlanlar arasında ilk beşliyə düşənlər, qızlar arasında isə ilk 3 yeri tutan şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanıblar. Bundan başqa, ilk üç yeri tutan şahmatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.