Lənkəran şəhər Şahmat məktəbinin yetirmələri Rusiyada keçirilən beynəlxalq festivalın ardınca daha bir uğura ölkəmizdə imza atıblar. Olimpnews.az saytının məlumatına görə, zəka sahibləri Bakıda keçirilən yarışın sonunda turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar.
Bakı şəhərindəki 2 nömrəli İxtisaslaşdırılmış Olmipiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbində keçirilən "FİDE Reytinq” turnirində Lənkəran şəhər Şahmat Məktəbini Vüsal Həsənzadə və Nəzrin Mirzəzadə təmsil ediblər. Ənənəvi olaraq keçirilən və əsasən reytinq xarakteri daşıyan turnirə respublikanın müxtəlif şəhər və rayonlarından 50-yə yaxın zəka sahibi qatılıb. On gün davam edən turnirdə 17 yaşına qədər zəka sahibləri arasında lənkəranlı şahmatçı Vüsal Həsənzadə 9 turdan sonra 7,5 xalla turnir cədvəlinin ilk pilləsinə sahib olub. O, bu nəticə ilə beynəlxalq reytinq əmsalını 1891 bala çatdırıb.
Digər Lənkəran şahmatçısı Nəzrin Mirzəzadə isə 9 turun yekununda 5,5 xalla qadın şahmatçılar arasında birinci olub. Lənkəran Şəhər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov bildirib ki, yetirmələri ən güclülər arasında qalib olublar.