Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "ASAN könüllüləri” Gənclər Təşkilatının təşkilatçılığı ilə şahmat turniri keçirilib. Olimpnews.az saytının məlumatına görə, iki gün davam edən turnir xalqımızın məşhur şairəsi və ilk qadın şahmatçısı Məhsəti Gəncəvinin xatirəsinə həsr olunub. Olimpiya sistemi ilə keçirilən yarışda ölkənin müxtəlif universitetlərinin tələbələri iştirak ediblər.
ADİU-nun ali dərəcəli məşqçisi, beynəlxalq səviyyəli qrossmeyster Sərxan Quliyevin hakimliyi ilə keçirilən yarış iti zəka sahiblərinin gərgin mübarizəsi ilə yadda qalıb.
Final mərhələsində üz-üzə gələn Elşin Osmanovla Nicat Vahidli "Ən iti zəka” adı uğrunda mübarizə aparıblar. Nicat Vahidlini iki dəfə çıxılmaz vəziyyətə salan Elşən Osmanov turnirin qalibi olub. Onun rəqibi isə ikinci yerə sahib çıxıb. Turnirin yekun nəticələrinə əsasən Elvin Həşimov üçüncü olub.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev qaliblərə diplom və hədiyyələr təqdim edib.