Cüdoçumuz Kubada qızıl medal qazandı

Cüdoçumuz Kubada qızıl medal qazandı



Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-pri yarışları davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü qüvvəsini sınayıb.

Dünya reytinqində lider olan cüdoçumuz Rüstəm Orucov yarışa ikinci mərhələdən qoşulub. 73 kq çəki dərəcəsində çıxış edən Orucov finala gedən yolda əvvəlcə Çernoqoriya təmsilçisi Nikola Qusiçi, daha sonra italiyalı Enriko Parlatini mübarizədən uzaqlaşdırıb. 1/4 finalda qanalı Emmanuel Nartey üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Monqolustan idmançısı Odbayar Qanbatarı da məğlub edərək finala vəsiqə qazanıb.

Həlledici qarşılaşmada BƏƏ təmsilçisi Viktor Skvortova vazari fəndi ilə qalib gələn Rüstəm Orucov Kuba Qran-Pri yarışlarının qızıl medalını qazanıb.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli yarışda 1/4 finala qədər yüksələ bilib. Lakin bu mərhələdə məğlub olan Alimli təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmasında məğlub olan cüdoçumuz 7-ci yeri tutub.
81 kq çəki dərəcəsində yarışan digər təmsilçimiz Əbdülhəq Rəsullu isə mübarizəni erkən dayandırıb.
Beləliklə, Kuba Qran-Pri yarışlarında cüdo üzrə Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.

Qeyd edək ki, Qran-Prinin ilk günündə Orxan Səfərli (60 kq) bürünc medal qazanıb.