13 nömrəli İOUGİM-də bacarıqlı cüdoçular yetişir

13 nömrəli İOUGİM-də bacarıqlı cüdoçular yetişir

Ölkəmizdə günü-gündən kütləviliyi artan və sürətlə inkişaf edən idman növlərindən biri də cüdodur. Çünki Azərbaycanda, xüsusilə paytaxtımızda kifayət qədər təcrübəli məşqçilər və ixtisaslaşmış cüdo məktəbləri var. Olimpnews.az saytının məlumatına görə, belə klublardan biri də 8-ci kilometr qəsəbəsində yerləşən 13 nömrəli İxtisaslaşmış Olimpiya Uşaq və Gənclər İdman Məktəbidir.

Burada cüdo ilə məşğul olan idmançılar ölkəmizin qadınlardan ibarət yığma komandasının baş məşqçisi İbadulla Şahbanov və məşqçi Vüsal Əhmədovun rəhbərliyi ilə həvəslə məşq edirlər. Onlar məşq zamanı müəllimlərin bütün tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışırlar. Təcrübəli mütəxəssislər yetırmələrinin məşq prosesində taktiki və texniki hazırlığı ilə yanaşı, psixoloji hazırlığına da xüsusi diqqət yetirirlər. Vüsal Əhmədovun tez-tez vurğuladığı kimi psixoloji hazırlığı güclü olmayan heç bir idmançı tatamidən qalib ayrıla bilməz.

Klubda bu növlə məşğul olan idmançıların demək olar ki, böyük əksəriyyəti gündə iki dəfə - səhər və axşam məşq edir. Səhərlər, adətən, fiziki məşqlər keçilir. Axşam məşqində isə cüdoçular fəndlər üzərində işləyir, müəllimlərin köməyi ilə səhvlərini düzəldir və tatamidə bir-birlərini sınağa çəkirlər. Onu da deyək ki, yay aylarında idmançılar həftədə iki dəfə məşqlərini dəniz kənarında keçirirlər. Təcrübəli məşqçi İbadulla Şahbanovun sözlərinə görə, məşqlərın acıq havada keçırılməsi idmançılar üçün çox vacibdir.

Uzun illərdir ki, fəaliyyət göstərən bu idman ocağının onlarla yetirməsi dəfələrlə irimiqyaslı yarışların qalibi olublar. Mehman Əzizov, Kifayət Qasımova, Ramilə Yusubova kimi tanınmış tatami ustaları məhz bu məktəbin yetirmələridir. Məktəbin cüdoçularının əldə etdiyi nəticələr belə deməyə əsas verir ki, gələcəkdə buranın idmançıları arasında dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri yetişəcək.