Maqnus Karlsen liderliyə yüksəldi
Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərindən ənənəvi "Tata Steel Chess-2016” beynəlxalq şahmat festivalı keçirilir. Olimpnews.az saytının məlumatına görə, 78-ci dəfə təşkil olunan turnirdə 14 qrossmeyster əsas mükafat uğrunda mübarizə aparır. 2016-cı ilin ilk nüfuzlu yarışının A qrupunda həmyerlimiz Şəhriyar Məmmədyarov da mübarizə aparır.
8 illik fasilədən sonra Veyk-an-Zee turnirində mübarizə aparan qrossmeysterimizlə yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Bakıda keçirilən 2015-ci il Dünya kubokunun sahibi Sergey Karyakin (Rusiya), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Dinq Lijyen, Vey Yi, Yifan Hou (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Hollandiya), Maykl Adams (İngiltərə), Pavel Elyanov (Ukrayna), Yevgeni Tomaşevski (Rusiya) və David Navara (Çexiya) iştirak edirlər.
"Tata Steel Chess Challengers” turnirində isə şahmatçılarımız Eltac Səfərli və Nicat Abasovla yanaşı, D.Nisipyanu (Almaniya), B.Adhiban (Hindistan), A.Dreev, M.Antipov (hər ikisi Rusiya), E.Lami, B.Bok, Y.Van Forest, M.Admiral, A.Hast (hamısı Hollandiya), S.Sevyan (ABŞ), Çzyuy Vençzyun (Çin) və N.Baciaşvili (Gürcüstan) mübarizə aparırlar.
Qəzetimizin ötən sayında ilk iki tur barədə məlumat vermişdik. A qrupundakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov üçüncü turda Pavel Elyanovla üz-üzə gəlib. Qrossmeysterimiz ağ fiqurlarla oynasa da, məğlubiyyətdən qaça bilməyib. Ukraynalı şahmatçı həmyerlimizi mat edib. ABŞ-ı təmsil edən Fabiano Karuana isə ingiltərəli Maykl Adams üzərində qələbə qazanıb. Turun digər görüşləri heç-heçə başa çatıb. Həmyerlimiz Veyk-an-Zeedə növbəti görüşünü norveçli Maqnus Karlsenə qarşı keçirib. Qara fiqurlarla oynayan qrossmeysterimiz dünya reytinqdə birinci olan şahmatçı ilə görüşdə heç-heçə edib. Bakıda keçirilən 2015-ci il Dünya kubokunun sahibi Sergey Karyakin isə həmyerlisi Yevgeni Tomaşevski ilə üz-üzə gəlib. İki Rusiya şahmatçısının mübarizəsində Sergey Karyakin üstün olub. Ukraynalı Pavel Elyanov isə yerli şahmatçı Lyük van Veli üzərində qələbə qazanıb. Hollandiyanın digər təmsilçisi Aniş Qiri Fabiono Karuana ilə "sülhə” razılaşıb. Turnirin digər görüşlərində isə qrossmeysterlər heç-heçə oynayıblar. Birgünlük fasilədən sonra "Tata Steel Chess-2016” beynəlxalq şahmat festivalında növbəti turun oyunları keçirilib. Yarışlar bu dəfə ənənəvi məkanda - Veyk-an-Zee şəhərində deyil, Amsterdamda təşkil olunub. Təmsilçimiz Şəhriyar Məmmədyarov bu turda ingilis şahmatçısı Maykl Adamsla qarşılaşıb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz nəhayət, 5-ci turda ilk qələbəsini qazanıb. Norveçli vunderkind Maqnus Karlsen isə ardıcıl 4 heç-heçədən sonra bu turda ilk qələbəsini qazanıb. O, hollandiyalı Lyük Van Velinin şahını mat edib. Çinli Dinq Lijyen isə bu turda Sergey Karyakindən üstün olub. ABŞ şahmatçısı Fabiano Karuana Yifan Hou ilə heç-heçə edib. Turun digər görüşlərində də qalib müəyyənləşməyib. Yarışın VI günü təmsilçimiz Şəhriyar Məmmədyarov üçün uğursuz olub. Belə ki, qara fiqurlarla oynayan zəka sahibimiz hollandiyalı Anşi Qiriyə uduzub. Turnirin əsas favoriti olan Maqnus Karlsen ardıcıl ikinci qələbəsini qazanıb. O, altıncı turda Yevgeni Tomaşevskiyə heç bir şans verməyib. Turun digər beş qarşılaşması heç-heçə ilə başa çatıb.
Yarışın VII turunda Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz qadınlar arasında dünya çempionu çinli Yifan Hounu məğlub edib. Turun digər görüşündə Maqnus Karlsen həmyerlimizi məğlub edən Pavel Elyanov üzərində qələbə qazanıb. Norveçli şahmatçı ardıcıl qələbələri sayəsində liderlər sırasında mövqeyini möhkəmləndirib. 7-ci tura qədər liderlər sırasında qərarlaşan Fabiano Karuana isə üçüncü pillədə yer alan Dinq Lijyenə qalib gəlib. Bu tur həm də iki Hollandiya şahmatçısının mübarizəsi ilə əlamətdar olub. Yerli şahmatçıların partiyasında qara fiqurlarla oynayan Aniş Qiri qalib gələn tərəf olub. Çinli şahmatçılar - Vey Yi və Uesli So arasında keçirilən oyunda heç-heçə qeydə alınıb. Turun digər oyunlarında David Navara Sergey Karyakinlə, Yevgeni Tomaşevski isə Maykl Adamsla "sülhə” razılaşıb.
8-ci turda Şəhriyar Məmməyarovun rəqibi çinli Uesli So olub. Qara fiqurlarla oynayan təmsilçimiz 38-ci gedişdə rəqibi ilə heç-heçə oynayıb. Turnirin əsas favoritlərindən olan Maqnus Karlsen də ardıcıl üç qələbədən sonra 31-ci gedişdə Sergey Karyakinlə heç-heçə edib. Turun gözlənilməz nəticəsi isə liderlər sırasında qərarlaşan Fabiano Karuananın David Navaraya uduzması olub. Lük van Veli isə, nəhayət, turnirdə ilk qələbəsini qazanıb. O, 43-cü gedişdə Yifan Houdan üstün olub. Turun digər üç görüşündə isə heç-heçə qeydə alınıb.
Beləliklə, 8-ci turda qeydə alınan nəticələrdən sonra Maqnus Karlsen liderliyə yüksəlib. Onun aktivində 5,5 xal var. David Navaraya məğlub olan Fabiano Karuana isə liderdən yarım xal geri qalmaqla ikinci pillədə qərarlaşıb. Uesli So, Aniş Qiri və Dinq Lijyen 4,5 xal toplayaraq, müvafiq olaraq, 3-5-ci yerləri bölüşürlər. Şəhriyar Məmmədyarov da daxil olmaqla, 5 şahmatçının aktivində isə 4 xal var. Bu nəticə ilə David Navara, Vey Yi, Sergey Karyakin, Şəhriyar Məmmədyarov və Pavel Elyanov 6-10-cu pillələrdə qərarlaşıblar. Şahmatçımız əlavə göstəricilərə görə 9-cu pillədə yer alıb. 8 turdan sonra 3,5 xal toplayan Yifan Hou 11-cidir. Yevgeni Tomaşevski və Lyük van Velinin aktivində isə 3 xal var. Onlar müvafiq olaraq, 12-13-cü yerləri bölüşürlər. Turnir cədvəlinin sonuncu pilləsində isə aktivində 2,5 xal olan Maykl Adams qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, birgünlük fasilədən sonra "Tata Steel Chess-2016” beynəlxalq şahmat festivalında 9-cu turun oyunları keçiriləcək. Bu gün təşkil olunacaq 9-cu turda təmsilçimiz Şəhriyar Məmmədyarov çinli qrossmeyster Dinq Lijyen ilə qarşılaşacaq.
"Tata Steel Chess Challengers” turnirində isə hər iki şahmatçımız - Eltac Səfərli və Nicat Abasov 8-ci turu heç-heçə ilə başa vurublar. Eltac Səfərli A.Dreevlə (Rusiya), Nicat Abbasov isə B.Bokla (Hollandiya) heç-heçə oynayıb. Beləliklə, 8 turdan sonra Eltac Səfərli 6 xalla ikinci pillədə qərarlaşıb. Aktivində 3 xal olan Nicat Abbasov 14 şahmatçı arasında 13-cü yeri tutur. Turnir cədvəlinə isə 6,5 xalla A.Baskaran başçılıq edir.
Məlumat üçün qeyd edək ki, dairəvi sistem üzrə keçirilən şahmat festivalı yanvarın 31-dək davam edəcək.
"Tata Steel Chess-2016” beynəlxalq şahmat festivalı
3-cü tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - Pavel Elyanov (Ukrayna, 2760) - 0:1
4-cü tur
Maqnus Karlsen (Norveç, 2844) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - 0,5:0,5
5-ci tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - Maykl Adams (İngiltərə, 2744) - 1:0
6-cı tur
Aniş Qiri (Hollandiya, 2784) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - 1:0
7-ci tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - Yifan Hou (Çin, 2673) - 1:0
8-ci tur
Uesli So (Çin, 2755) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - 0,5:0,5