Cüdoçularımız Avropa kubokuna uğurla başladılar

Cüdoçularımız Avropa kubokuna uğurla başladılar

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku yarışına start verilib. Olimpnews.az saytının məlumatına görə, mötəbər turnirin ilk günü cüdoçularımız üçün uğurlu olub. Millimiz aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə yarımfinala gedən yolda avstriyalı Stefan Moser, perulu Xuan Postiqa və belaruslu Arif Bağırova qalib gəlib. Yarımfinalda isə O. Vəlizadənin rəqibi komanda yoldaşı Elbrus Zamanlı olub. Zamanlı bu mərhələyə qədər mərakeşli Yasin Mutadir, çernoqoriyalı Vuka Nikçeviç və israilli Yoava Şemeş üzərində qələbə qazanıb. Yarımfinalda təşkil olunan Azərbaycan duelinin qalibi Elbrus Zamanlı olub. Bundan sonra o, finalda italiyalı Elios Mansiyə qalib gələrək Avropa kubokunu qazanıb. Vəlizadə isə təsəlliverici görüşdə Rusiya idmançısı Səxavət Hacıyevə məğlub olaraq beşinci olub.

66 kq çəki dərəcəsində çıxış edən İlkin Babazadə də görüşlərini uğurla başa vurub. İdmançımız yarımfinala qədər macarıstanlı Bensa Zambori, sloveniyalı Rok Plesnik və gürcüstanlı Mindia Liluaşviliyə qalib gəlsə də, bu mərhələdə Belarus təmsilçisi Dmitriyu Şerşana məğlub olub. Lakin o, bürünc medal uğrunda görüşdə daha bir gürcüstanlı idmançı Qela Xelixaşvilidən üstün olub və üçüncü yerə çıxıb.

Qadın idmançımız Aişə Qurbanlı (48 kq) ilk qarşılaşmada belçikalı Annu-Sofin Yuranı məğlub edərək 1/4 finala yüksəlib. Lakin Rusiyalı cüdoçu Kristina Rumyantsevaya məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. İdmançımız Kristina Vrsiç üzərində qələbə qazansa da, ikinci qarşılaşmasın da israilli Noe Minskerə uduzaraq beşinci olub.

Digər cüdoçularımız - Fəqan Quluzadə, Vüqar Bayramov, İsmayıl Piriyev (hər üçü 73 kq), Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Xanım Hüseynova, Validə Mirzazadə (hər ikisi 63 kq), Şahanə Alməmmədova (57 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, millimizin 19 cüdoçu ilə təmsil olunduğu yarışlara bu gün yekun vurulacaq.