Şirvanlı müəllimlər zəka mübarizəsində

Şirvanlı müəllimlər zəka mübarizəsində


Bugünlərdə Şirvan şəhər Uşaq- Gənclər Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib. Turnirdə şəhərin ümumtəhsil məktəblərinin müəllimləri güclərini sınayıblar. Açılış mərasimində çıxış edənlər Azərbaycanda idmanın sürətlə inkişafından, ölkəmizin şahmat sahəsində dünya liderləri sırasında yer almasından söz açıblar. Natiqlər qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev şahmatın inkişafına hər zaman xüsusi diqqət göstərib. Bu, şahmatda nailiyyətin qazanılmasında öz səmərəsini verib. Bu növə dövlət qayğısının bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə şahmatın inkişaf etdirilməsi üçün Dövlət Proqramı qəbul olunub.
Çıxışlar başa çatdıqdan sonra turnirə start verilib. Qeyd edək ki, 16 tam orta məktəbin müəllimlərinin mübarizə apardığı yarış 2 mərhələ üzrə keçirilib. Birinci mərhələdə qalib gələn şahmatçı müəllimlər ikinci mərhələdə yarışmaq hüququ qazanıblar. Zəka mübarizəsində 14 saylı tam örta məktəbin müəllimi Həbibulla Babayev I yerə çıxıb. 21 saylı məktəbin təmsilçisi Rasim Əliyev isə II olub. 20 nömrəli məktəbdən mübarizəyə qoşulan Nizamı Bayramov III pillədə qərarlaşıb.
Məlumat üçün bildirək ki, turnirin qalibi adını qazanan Həbibulla Babayev bu ayın sonlarında Bakıda keçiriləcək final yarışında iştirak edəcək.