Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, 52 ölkədən 385 (241 kişi, 144 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvəsini sınayıb. İki gün davam edən yarışda komandamız 23 (19 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunub. Mötəbər turnirin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.
60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə yarımfinala gedən yolda avstriyalı Stefan Mosera, perulu Xuan Postiqa və Belarus təmsilçisi Arif Bağırova qalib gəlib. Yarımfinalda isə Oruc Vəlizadənin rəqibi komanda yoldaşı Elburus Zamanov olub. Elburus Zamanov bu bu mərhələyə qədər Mərakeş idmançısı Yasin Mutadir, çernoqoriyalı Vuka Nikçeviç və İsrail cüdoçusu Yoava Şemeş üzərində qələbə qazanıb. Yarımfinalda keçirilən iki Azərbaycan idmançısının mübarizəsində Elburus Zamanov qalib gəlib. Təsəlliverici görüşdə yarışan Oruc Rusiya idmançısı Səxavət Hacıyevə də məğlub olaraq 5-ci olub. Uğurlu çıxışını davam etdirən Elburus Zamanov isə finalda italiyalı Elios Mansiyə qalib gələrək Avropa kubokunu qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadənin çıxışı da uğurlu alınıb. Yarımfinala qədər macarıstanlı Bensa Zambori, sloveniyalı Rok Plesnik və gürcüstanlı Mindia Liluaşviliyə qalib gəlsə də, bu mərhələdə Belarus təmsilçisi Dmitri Şerşana məğlub olub. Üçüncü yer uğrunda görüşdə təmsilçimiz daha bir gürcüstanlı idmançı Qela Kelixaşvili ilə qarşılaşıb. Həlledici qarşılaşmada rəqibini üstələyən İlkin Babazadə Avropa kubokunun bürünc medalına sahib çıxıb. 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Aişə Qurbanlı ilk qarşılaşmasında belçikalı Annu-Sofi Yuranı məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə rusiyalı Kristina Rumyantsevaya məğlub olan xanım cüdoçumuz təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. İlk görüşündə sloveniyalı Kristina Vrsiçə qalib gələn Aişə Qurbanlı, ikinci qarşılaşmasında israilli Noe Minskerə uduzaraq 5-ci olub. Digər cüdoçularımız - Fəqan Quluzadə, Vüqar Bayramov, İsmayıl Piriyev (hər üçü 73 kq), Vüqar Şirinli Davud Məmmədsoy (hər ikisi 60 kq), Xanım Hüseynova və Validə Mirzəzadə (hər ikisi 63 kq), Şəhanə Alməmmədova (57 kq) mübarizəni erkən dayandırıb.
Yarışın ikinci günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Jugeliyə qalib gəlib. Tural Səfquliyev yarımfinalda Belarus təmsilçisi İlhar Zhukauya məğlub olsa da, Hollandiya cüdoçusu Daks Beysbruk üzərində qələbə qazanaraq bürünc medal qazanıb.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli və Ziya Namazov Avropa kubokunda 7-ci olublar.
Digər cüdoçularımız - Elvin Əhmədli (81 kq), Məmmədəli Mehdiyev, Vasif Şərbətli (hər ikisi 90 kq), Musa Şəkərəliyev, Firudin Dadaşov və Cəlil Şükürov (hər üçü 100 kq) mübarizə ilə erkən vidalaşıblar.
Beləliklə, Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa kubokunda 1 qızıl və 2 bürünc medala sahib çıxıb. Komandamız bu nəticə ilə 8-ci yeri tutub.
Məlumat üçün qeyd edək ki, Bolqarıstandakı Avropa kuboku Azərbaycan cüdosu üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, beynəlxaq dərəcəli hakimimiz Elmar Babanlı da Sofiyada ədaləti qoruyanlar arasında yer alıb. O, bir neçə görüşü yüksək səviyyədə idarə edib. Qeyd edək ki, Elmar Babanlı həm də Azərbaycan Cüdo Federasiyasının baş katibidir.