Yaponiyanın paytaxtı Tokioda Beynəlxalq Cüdo Federasiyasının hakimləri üçün seminar keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə azərbaycanlı cüdo mütəxəssisləri də iştirak ediblər.
Son illər cüdoda qaydaların tez-tez dəyişməsi bu seminarın əhəmiyyətini daha da artırır. Rio Olimpiadasından sonra isə bütün cüdo ictimaiyyətinə, həmçinin Azərbaycan millisinə də təsir edəcək növbəti dəyişikliklər nəzərdə tutulur. Kodokanda təşkil olunan tədbirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, Rio-2016 Paralimpiya Oyunlarında ədalət təmsilçisi qismində iştirak edəcək beynəlxalq dərəcəli hakim Fariz Hüseynov, Məşqçilər Komitəsinin sədri Hacıağa Hacıəhmədov, Hakimlər Komitəsinin üzvü Nazim Umbayev və qadınlardan ibarət yığma komandanın köməkçi məşqçisi Azər Şıxəliyev iştirak ediblər. Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Xuan Karlos Barkos müzakirələrin əsas predmetinin cüdoda xalların qiymətləndirilməsi olduğunu vurğulayıb. Bununla əlaqədar olaraq, iştirakçıların daha da yaxşı təhlil etməsi və düzgün qiymətləndirməsi üçün mötəbər turnirlərdəki görüşlərdən nümunələr göstərilib.
"Bir çox hallarda yarışlar zamanı hakimlər eyni epizodu müxtəlif cür qiymətləndirirlər. Bu isə idmançılar və onların məşqçilərinin narazılığına səbəb olur. Seminarın keçirilməsində əsas məqsədimiz bu cür neqativ halların qarşısının alınmasıdır. İndi bütün diqqətlər Rio Olimpiadasına yönəlib və bu mötəbər turnirə qədər cüdoda heç bir dəyişiklik olmayacaq. Lakin olimpiadadan sonra cüdonu daha da inkişaf etdirmək üçün səylərimizi gücləndirəcəyik. 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qarşımızda növbəti olimpiadaya qədər bu və ya digər yenilikləri test etmək üçün imkan yaranacaq. Hakimlər çalışmalıdırlar ki, yarışlar zamanı hər bir epizodu düzgün qiymətləndirsinlər”, - deyə o əlavə edib. Qeyd edək ki, cüdoda gələcəkdə mümkün qayda dəyişikliklərinin olacağı barədə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də məlumat vermişdi.
Cüdo mütəxəssislərinin növbəti seminarı 2017-ci ildə Bakıda təşkil olunacaq. Həmin tədbirdə növbəti olimpiada üçün yeni qaydaların tətbiqinin mümkünlüyü müzakirə ediləcək.