İsveçrədə uğursuz start və ardıcıl heç-heçələr

İsveçrədə uğursuz start və ardıcıl heç-heçələr

Aprelin 17-də İsveçrənin Tsuq şəhərində start götürən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri yarışlarının üçüncü mərhələsi davam edir. Xəbər verdiyimiz kimi, bu yarışda Azərbaycanın iki qrossmeysteri - Teymur Rəcəbov (2793) və Şəhriyar Məmmədyarov (2766) çıxış edirlər.



Təmsilçilərimiz Serqey Karyakin (Rusiya, 2786), Fabiano Karuana (İtaliya, 2772), Veselin Topalov (Bolqarıstan, 2771), Hikaru Nakamura (ABŞ, 2767), Aleksandr Morozeviç (Rusiya, 2758), Peter Leko (Macarıstan, 2744), Qata Kamski (ABŞ, 2741), Ruslan Ponomaryov (Ukrayna, 2733), Aniş Qiri (Hollandiya, 2727) və Rüstəm Qasımcanov (Özbəkistan, 2709) kimi titullu rəqiblərinə qarşı mübarizə aparırlar.
11 turdan ibarət "Qran-pri” turnirində artıq 4 turun nəticələri məlumdur. Şahmatçılarımızdan bu tura qədər ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. Amma təmsilçimiz bu yarışda, hələ ki, qələbə qazanmayıb. Heç məğlubiyyətlə də üzləşməyib. Belə ki, 4 turda Şəhriyar Məmmədyarov, ardıcıl olaraq, Ponomaryov, Morozeviç, Qasımcanov və Karuana ilə görüşdən 2 xal qazanıb. Yarışda iştirak edən digər şahmatçımız Teymur Rəcəbov isə hələ ki, qüvvəsini səfərbər edə bilmir. Elə yarışın start turunda onun italiyalı rəqibi Fabiano Karuanaya uduzması, buna misaldır. Sonrakı görüşlərə gəldikdə isə, Teymur Rəcəbov Karyakin, Qiri və Leko ilə görüşdə heç-heçə edərək, aktivinə 1,5 xal əlavə edib.
Dünən turnir iştirakçıları istirahət ediblər. Bu gün isə 5-ci turun görüşləri keçiriləcək. Məmmədyarov Karyakinlə, Rəcəbov isə Kamski ilə görüşəcək. Digər qarşılaşmalara gəldikdə Topalov Nakamura ilə, Qiri Morozeviçlə, Leko Ponomaryovla, Karuana isə Qasımcanovla üz-üzə gələcək. Xatırladaq ki, İsveçərədə keçirilən şahmat Qran-prisi mayın 1-də sona çatacaq.



4 turdan sonra turnir cədvəli:
1-3. Aleksandr Morozeviç, Veselin Topalov, Ruslan Ponomaryov -2,5 xal; 
4-9. Şəhriyar Məmmədyarov, Ruslan Qasımcanov, Fabiano Karuana, Hikaru Nakamura, Aniş Qiri, Sergey Karyakin -2 xal; 10-12. Qata Kamski, Petr Leko, Teymur Rəcəbov - 1,5 xal.